Çinli kolleksiya oyuncaqları nəhəngi “Pop Mart”ın CEO-su Vanq Ninq (Wang Ning) bildirib ki, 2025-ci il üçün nəzərdə tutulan 20 milyard yuan (təxminən 2,78 milyard dollar) gəlir hədəfi var, bu il isə 30 milyard yuana (təxminən 4,18 milyard dollar) çatmaq “çox asan” görünür.
Şirkətin ən populyar məhsulu, dünya miqyasında moda olan “Labubu” oyuncaqlarıdır. Yalnız ilin ilk yarısında “The Monsters” seriyası 4,81 milyard yuan (təxminən 670 milyon dollar) gəlir gətirib və ümumi dövriyyənin üçdə birindən çoxunu təşkil edib. Rihanna və Devid Bekhem kimi məşhurların da üstünlük verdiyi “Labubu” dünya üzrə tez satılır.
Bu həftə isə telefonlara əlavə edilə bilən mini “Labubu” versiyası bazara çıxarılacaq. Bu xəbər şirkətin səhm dəyərinə müsbət təsir göstərdi.
Honq-Konq birjasında ən çox ticarət edilən səhm olan “Pop Mart” çərşənbə günü 12,5% dəyər qazanaraq 2020-ci ildəki açıq səhm satışından bəri ən yüksək bağlanışı əldə edib. İlin əvvəlindən bu günə qədər şirkət səhm qiymətləri 230%-dən çox artıb. “Pop Mart”ın bazar dəyəri 50 milyard dolları aşaraq “Barbie” istehsalçısı “Mattel” və “Hello Kitty”nin sahibi Sanrionu ötüb.
Yeni bazarlara açılma planı
Şirkət, Orta Şərq, Orta Avropa və Latın Amerikası kimi yeni bazarlara çıxmağı planlaşdırır. ABŞ-da 40 mağazası olan “Pop Mart” ilin sonuna qədər 10 yeni mağaza açacaq və növbəti iki ildə “sürətli genişlənmə” mərhələsinə keçəcək.
Mütəxəssislər hesab edir ki, mövcud seriyaların yenidən stoklanması və yeni oyuncaqların bazara çıxarılması ilin ikinci yarısında böyüməni dəstəkləyəcək. Lakin bəzi analitiklər səhm dəyərinin uzunmüddətli risklərə baxmayaraq həddən artıq yüksək olduğunu bildirirlər.
Şirkətin uzunmüddətli məqsədləri arasında “Pop Mart” xarakterlərini animasiya filmlərində və tematik park layihələrində görmək var, lakin bu layihələrin qısa müddətdə böyük gəlir gətirməsi gözlənilmir.