2009-cu ildə Almaniyanın Ansbax şəhərində bir liseyə hücum edərək 9 şagird və 1 müəllimi yaralayan Corq R., yaxın günlərdə Erlangendəki forensik psixiatriya klinikasından qaçıb. Haqqında 47 dəfə qətl cəhdi ittihamı olan Corc R., 2010-cu ildə həm həbs, həm də müddətsiz psixiatriya müalicəsi cəzası almışdı.
Corq R.-nin bu ilin əvvəlindən etibarən klinikanın verdiyi icazə ilə mütəmadi olaraq kənara çıxdığı, sonuncu dəfə şənbə günü yenə tək başına çıxdığı və axşam saatlarında geri dönmədiyi bildirilib. Klinika rəsmiləri Corc R.-nin geri dönməməsi üzərinə vəziyyəti dərhal polislərə xəbər verib. Hazırda cinayətkarın harada olduğu məlum deyil.
“Hər yerdə ola bilər”
Polis Corc R.-nin hazırda harada olduğuna dair heç bir əlamət olmadığını açıqlayıb. Bu vaxta qədər nə helikopterlə, nə də axtarış itləri ilə genişmiqyaslı əməliyyat başlanmayıb. Rəsmilər şəxsin elektron qolbaq taxmadığını və buna görə də “hər yerdə ola biləcəyini” bildirir.
Corc R. üçün ölkə üzrə həbs qərarı çıxarılıb. Eyni zamanda, Avropa üzrə keçərli olacaq həbs qərarı üçün müraciət edildiyi qeyd olunub.
Əhali narahat, səlahiyyətlilər sakit
Polis və psixiatriya mütəxəssisləri hazırda əhalinin birbaşa təhlükə altında olmadığını iddia edir. Ancaq bu açıqlamalara baxmayaraq, ictimaiyyətdə ciddi narahatlıq müşahidə olunur. “Əlbəttə ki, insanların rahat olmaması başa düşüləndir” kimi şərhlər edilir.
Corc R., 17 yaşında 17 sentyabr 2009-cu ildə Ansbaxdakı Karolinum liseyində hücum təşkil etmişdi. Əlində balta, bıçaq və molotov kokteylləri ilə məktəbə girən Corc təsadüfi insanlara hücum etmiş və böyük təşviş yaratmışdı. Hadisədə doqquz şagird və bir müəllim ağır yaralanmış, cinayətkar isə polis tərəfindən vurularaq zərərsizləşdirilmişdi. 2010-cu ildə çıxarılan məhkəmədə 47 dəfə qətl cəhdi ittihamı ilə məhkəməyə çıxarılan Corc R., gənclik cəzası ilə birlikdə profilaktik məqsədlə müddətsiz psixiatriya nəzarəti altına alınmışdı.