Avqustun 13-də prokurorlara göndərilən məktubda Darmanin, saxta evliliklərlə mübarizənin gücləndirilməsini istəyib. Nimes şəhərində etdiyi açıqlamada Darmanin qeyd edib ki, “Fransadakı bütün bələdiyyə sədrlərinə Ədliyyə Nazirliyinin tam dəstəyini təmin edirəm”.
Son dövrlərdə bir çox bələdiyyə sədri, xüsusilə Fransız vətəndaşları ilə oturum izni olmayan xaricilər arasında həyata keçirilən evliliklərdə şübhəli hallarla qarşılaşdıqlarını bildirərək prokurorluqlardan ləğv tələb etmişdilər.
Nazirliyin göstərişinə görə, şübhəli hallarda prokurorluqlar bələdiyyə sədrlərini daha çox dəstəkləməli, onlara verilən məlumatları diqqətlə araşdırmalı və açıq kommunikasiya qurmalıdır. Şübhə olduqda isə toy mərasimi təxirə salınacaq.
2021-ci ildə qəbul edilən qanun, nikah məmurlarına evliliklə bağlı şübhə yaranarsa, cütlüklərlə ayrıca görüşmək imkanı vermişdi. Darmanin bildirib ki, “Evlilik, ailə qurmaq iradəsidir. Respublikamızın qaydalarını sui-istifadə etmək deyil”.
Fransada saxta evlilik etmək 5 ilədək həbs və 15 min avro məbləğində cəza ilə nəticələnir. Həmçinin “yaxşı niyyətli həyat yoldaşı” qanuni olaraq evliliyin ləğvini tələb edə bilər.
Fevral ayında Senat tərəfindən qəbul edilən və Emmanuel Makron hökumətinin dəstəklədiyi qanun layihəsi, oturum icazəsi olmayan xaricilərin evlənməsini tam qadağan etməyi hədəfləyir.