Vaxt.Az

Kollektiv həmrəyliyə zidd


 

Şəxsiyyət – kollektiv nizamdan sıçrayışdır

Kollektiv həmrəyliyə zidd Heç bir xalq şəxsiyyət yetişdirmir. Şəxsiyyət öz xalqının ucqarında yetişir. Xalq onun yetişmə prosesində iştirak etmir, etsə, şəxsiyyət yetişdirmə təcrübəsi qazanar və heç vaxt şəxsiyyət qıtlığıyla üzləşməz. Xalq özü-özünü yetişdirən hazır meyvəyə sahib çıxır.

Şəxsiyyət kollektiv ölçülərin fövqündə bir fərddir. Kollektiv nizamda bir sıçrayışdır, pozuntudur. Ümumi düzəndən seçilən bir fərqlilikdir.

Xalqın mövcudluq prinsipi eynilikdir!

Şəxsiyyət kollektiv həmrəyliyə zidd biridir. Zidd olmasa, fərqlənə bilməz. Xalq buna görə şəxsiyyətin öz içində yetişməsinə imkan verməz. Onu ya məhv edər, ya özündən kənarlaşdırar.

Şəxsiyyət kimi xarakterizə etdiyimiz bütün tarixi şəxslərin öz xalqı ilə ölüm-dirim problemi olub.

Şəxsiyyət və xalq bir-birini “öldürüb” diriltmək istəyir həmişə.

Şəxsiyyətin xalqa təsiri “oyatmaq”, “yeniləmək” kimi dirilməni ifadə edən sözlərlə izah olunur.

Şəxsiyyəti öldürdüyü deyil, diriltdiyi xalq qəbul edir, bağrına basır.

Şəxsiyyət həmişə oğulların sevdiyidir, o oğulların ki, atalarını özü öldürüb.

Bir xalqı onun dahi şəxsiyyətləriylə obrazlaşdırmaq pedaqoji yanaşmadır.

Tarixi, mədəni, əxlaqi, sosial, siyasi və s baxımdan heç bir xalq özünün dahi şəxsiyyətlərinə tay deyil.

Olsaydı bütün ərəblər Məhəmməd, bütün ruslar Tolstoy, bütün türklər Atatürk kimi olardı.

 





21.08.2025    çap et  çap et