Əzizlər əzizi Suzan Sontaq vaxtilə “Xəstəlik metafora kimi” kitabında maraqlı faktlar yazıb: məsələn, romantik ingilis şairi Bayron 1828-ci ildə vərəmli bir dostuna deyib ki, mən də vərəmdən ölmək istəyirəm, cəsədimə baxan qadınların solğun çöhrəsi mənə cazibədar gəlir. Sontaq iddia edir ki, bu cür sapqın, anormal yanaşmalar bizim əsrdə “arıq qadın” obrazının estetik meyar kimi qəbul edilməsinə də təsir edib.
Mənim çoxdan azarkeşi olduğum bir kitabı seriyası var, Türkiyədə “Yapı Kredi yayınları” bunları “XXI yüzilin kitabları” seriyası adı altında çap edir. Bu seriyada bu günün alimləri, filosofları, düşüncə adamları çağdaş dünyanın problemlərini müzakirə edirlər. Bu seriyadan Karl Sederstrem və Andre Spayserin birgə yazdıqları “Sağlamlıq xəstəliyi: aktual bir sindrom” (orijinalı “The Wellness Syndrome) kitab çox dəyərlidir. Kitabın müəllifləri deyirlər ki, bu necə sağlamlıq və səadətdir ki, işimiz-gücümüz yediklərimizin kalorisini hesablamaq olub? Onlar təxminən deyir: biri var, el dilində desək, canının qədrini bilmək, biri də var sağlamlıq yolunda özünə zülüm eləmək – bu ikincisi bizi daha narsist insana çevirir və daim qayğılı edir, üstəlik, məhsuldarlığımızı da azaldır. Müəlliflər bu cür adamlara “sağlam həyat qurbanları” deyirlər. Belə ki, onların fikrincə, sağlamlıq xəstəliyi artıq bir ideologiyaya çevrilib və idarəolunmaz yerə gedir. Çünki get-gedə söhbət sağlam həyatdan yox, qısa yolla həlli mümkün “sağlamlıq”dan getməyə başlayıb. Bio-etika adı altında təqdim edilən dünyagörüşünün fərdi planda patologiyalar və faciələr yaradır. Ona görə də arıq olmamışdan qabaq ayıq olmaq lazımdır.