ABŞ Xarici İşlər Nazirliyinin çərşənbə günü yayımladığı məktubda, ABŞ hökumətinin Türkiyənin “F-35” döyüş təyyarəsi proqramına yenidən daxil olmasına qarşı mövqeyinin dəyişmədiyi bildirilib.
40 üzvdən ibarət Nümayəndələr Palatası qrupunun rəhbəri Demokrat Kris Pappas Xarici İşlər Naziri Marko Rubioya məktub göndərərək hökuməti Türkiyənin “ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı qanun və siyasətləri pozmağa davam etməsinin qarşısını almağa” çağırıb.
Məktubda qeyd olunub: “Ankaranın “S-400” sistemini almasıyla bağlı narazılığımızı ifadə etdik və CAATSA sanksiyalarının tətbiqi üzrə davam edən qiymətləndirməmizin bir hissəsi olaraq atılması lazımı addımları açıq şəkildə müəyyən etdik”.
Türkiyənin ittifaqın missiyalarına əhəmiyyətli töhfələr verdiyi və uzun müddətdir NATO müttəfiqi olduğu vurğulanıb: “ABŞ-Türkiyə müdafiə əlaqələri, həm ABŞ, həm də NATO-nun təhlükəsizlik maraqları baxımından həyati önəmini qoruyur”.
CAATSA sanksiyaları səbəbi ilə Türkiyə, “F-35” proqramından da çıxarılmışdı. Bu səbəbdən Ankara, modernizə edilmiş 40 ədəd “F-16” və mövcud 79 “F-16” üçün ABŞ-a müraciət etmişdi.
Prezident Rəcəb Tayyip Ərdoğan martın 16-dakı telefon danışığında Donald Trampa “əməkdaşlığın gücləndirilməsi üçün CAATSA sanksiyalarının aradan qaldırılması lazım olduğunu” bildirmişdi. “Bloomberg”in məlumatına görə, Ərdoğan aprel ayında ABŞ-ı ziyarət edib və Trampla görüşmək istəyib.
ABŞ-Türkiyə münasibətləri
Son illərdə Türkiyə və ABŞ münasibətləri Şərqi Aralıq dənizi, Suriya və Qəzza siyasəti fərqlilikləri, eləcə də Türkiyənin Rusiyadan “S-400” sistemi alması kimi mövzular üzündən gərgin olub. Bu vəziyyət, ABŞ sanksiyalarına və Türkiyənin 2019-cu ildə “F-35” proqramından çıxarılmasına gətirib çıxarıb.
Daha sonra Ankara, ABŞ-dan 40 ədəd “Block-70 F-16” və 79 modernizasiya dəsti tələb etmiş, İsveçin NATO üzvlüyünü təsdiqləməsi ilə razılaşma təsdiqlənmiş və münasibətlərdə yumşalma baş vermişdi.
Ərdoğan Türkiyənin tədarük zəncirlərindəki üstünlüyünü qeyd edərək, Ukrayna-Rusiya müharibəsində mühüm əhəmiyyət daşıyan 155 mm-lik mərmilərin istehsalı və tədarükündə əməkdaşlığı nümunə göstərib.
ABŞ, Rusiyaya qarşı sanksiyaları pozan bəzi Türkiyə vətəndaşları və şirkətlərinə də tətbiq edib. CAATSA çərçivəsində ABŞ-ın Müdafiə Sənayesi Başçılığı (SSB) və dönəm rəhbəri İsmayıl Dəmir də daxil olmaqla dörd qurumun rəsmisinə sanksiyalar 2021-ci ildə qüvvəyə minib.
Türkiyə, Ukraynanı dəstəkləsə də, Moskva yönümlü sanksiyalara qarşı çıxır.