Vaxt.Az

İki ölkə ticarətində gərginlik


 

Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası

İki ölkə ticarətində gərginlik Türkiyə liman rəsmilərinin gəmi agentliklərindən qeyri-rəsmi şəkildə İsraillə əlaqəsinin olmadığını və hərbi və ya təhlükəli yük daşımadığını təsdiq edən məktublar tələb etməyə başladığı iddia olunur. İddialara görə, İsraillə bağlılığı təsbit edilən gəmilərin Türkiyədəki limanlara yanaşmasına və ya konteyner transferi etməsinə icazə verilməyəcək.

“Reuters”ə danışan mənbələrə görə, liman başqanlıqları agentliklərdən bu barədə yazılı zəmanət təqdim olunması üçün şifahi göstəriş verib. Amma məsələ ilə bağlı rəsmi bir qərar dərc edilməyib. Mənbələrdən biri, bu tələbin yalnız müəyyən bölgələrlə məhdudlaşmadığını, ölkə üzrə bütün limanlarda tətbiq olunduğunu bildirib.

Başqa bir mənbənin sözlərinə görə, tələb olunan zəmanət məktubunda gəmi sahibləri, operatorları və idarəçilərinin İsraillə hər hansı bir əlaqəsinin olmadığı açıq şəkildə bəyan edilməli, həmçinin gəmilərdə İsrailə göndərilmək üçün partlayıcı, radioaktiv maddə və ya hərbi avadanlıq kimi yüklərin daşınmadığı qeyd olunmalıdır.

Məsələ ilə bağlı “Reuters”in suallarına Türkiyə Nəqliyyat Nazirliyi hələ cavab verməyib. Rəsmi açıqlamanın olmaması, tətbiqin nə qədər davam edəcəyi və hansı gəmiləri əhatə edəcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.

Xatırladaq ki, Türkiyə ötən il Qəzzaya hücumların ardından İsraillə illik 7 milyard dollarlıq ticarəti dayandırdığını açıqlamışdı. Lakin ictimaiyyətdə İsraillə ticarətin dolayı yollarla davam etdiyi barədə müzakirələr gedirdi. Xüsusilə İsraillə ticarətin kəsilməsindən sonra Fələstinlə ticarət dövriyyəsindəki kəskin artım bu iddialara əsas kimi göstərilmişdi.

Son hadisələr, Türkiyənin İsraillə ticarət və logistika münasibətlərində yeni mərhələyə keçdiyi şərhlərinə yol açarkən, rəsmi orqanların məsələ ilə bağlı açıqlaması səbirsizliklə gözlənilir.

 





21.08.2025    çap et  çap et