Danimarka Mədəniyyət naziri Yakob Engel-Şmidt bu dəyişiklik sayəsində daha çox kitabın oxuculara çatacağına ümid etdiyini bildirib. Plan dövlət büdcəsinə illik təxminən 330 milyon krona (44 milyon avro) başa gələcək. Lakin nazir bunu ölkənin “mədəni gələcəyinə sərmayə” kimi qiymətləndirib.
Engel-Şmidt ölkə mediasına açıqlamasında, “Bu, mədəniyyət naziri kimi illərdir uğrunda çalışdığım bir məsələdir. Təəssüf ki, son illərdə yayılan oxuma böhranını aradan qaldırmaq üçün hər şeyi riskə atmalı olduğumuza inanıram”, – deyib.
Onun sözlərinə görə, danimarkalıların mədəniyyətə və kitaba çıxışı üçün bu qədər böyük vəsaitin ayrılması nadir haldır və hökumətdəki həmkarlarını buna inandırmaq asan olmadı.
Qərar, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) açıqladığı narahatedici statistikadan sonra verilib. Araşdırmalara görə, Danimarkada 15 yaşlı hər 4 gəncdən biri sadə bir mətni belə başa düşməkdə çətinlik çəkir. Nazir Engel-Şmidt bu rəqəmləri “şokedici” adlandırıb.
Sorğular həmçinin gənclər arasında oxuma səviyyəsinin getdikcə düşdüyünü göstərir. Mütəxəssislər bunu diqqət müddətinin qısalması və rəqəmsal həyatın sonsuz yayındırıcı təsirləri ilə əlaqələndirirlər.
Danimarka indiyə qədər kitablara 25%-lik ƏDV tətbiq edirdisə, qonşu İskandinav ölkələri daha əlverişli şərait yaradıb: Finlandiyada kitab vergisi 14%, İsveçdə 6% təşkil edir, Norveçdə isə ümumiyyətlə kitablar vergidən azaddır.