Vaxt.Az

«Bu, dəhşətli faciələrlə nəticələnəcək»


 

«Qafqaz regionunun açarı Ermənistanın əlindədir»

«Bu, dəhşətli faciələrlə nəticələnəcək» Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadənin AzNews.az-a müsahibə verib. Vaxt.az həmin yazını oxucularına olduğu kimi təqdim edir.

 

- Bur müddət əvvəl Ümid Partiyasının rəhbər strukturlarında – icraedici postlarında önəmli post tutan şəxslərin vəzifələrindən çıxarılması ilə bağlı qərarlarınız oldu. Azərbaycan siyasi mühiti üçün heç də ənənəvi olmayan bu addımı atmaq, belə demək mümkünsə partiyada islahatlar aparmaq zərurəti haradan yarandı?

- Bəzi strukturlarda təkmilləşmə və seçkilərdə iştirak etmək üçün belə bir addım atdım. Hesab edirəm ki, bu addım effektli oldu. Dostlarımızın bəziləri daha yüksək görəvdə idi, indi sıravi üzv kimi fəaliyyət göstərirlər. Bu, zamanın tələbidir, bu gün sıravi üzv olan sabah sədr, birinci müavin ola bilər, tam əksi də mümkündür. Partiya həyatı Azərbaycan cəmiyyəti üçün elə bir yerə gəlib çıxıb ki, sanki, əvəzolunmaz adam yoxdur və adamlar o qədər möhkəmdir ki, onları dəyişmək olmaz. Bunu dəyişəndə bir qədər ajiotaj yaranır. Bu cür addımlar normal qarşılanmalıdır. Dəyişiklik hər yerdə olmalıdır. Bu günün müxalifəti sabahın iqtidarıdır.

 

- Vəzifələrindən çıxarılan şəxslərin fəaliyyətindən narazılıq var idimi?

- Əvvəlcə onu deyim ki, partiyanın bütün işlərinə mən rəhbərlik edirəm. Əgər təşkilatın hansısa hissəsində axsama varsa, orada sədrdən tutmuş aşağıya doğru hər kəs günahkardır. Yəni deyə bilmərəm ki, kimdənsə narazı idim, yaxşı işləmirdi. Hər bir halda düşünürəm ki, bu kadr islahatları daha yaxşı nəticə verəcək.

 

- Sizin bu addımınız narazılıq yaratmadı ki?

- Nizamnamənin konkret tələbi var. Biz də fəaliyyətimizi nizamnamə ilə tənzimləyirik, burada da səlahiyyət sədrə verilib.

 

- Bələdiyyə və parlament seçkilərinə hazırlıq necə gedir. Seçkilərə Qarabağ Blokunun tərkibində gedəcəksiniz?

- Bələdiyyə seçkiləri ağır bir prosesdir. Bilirsiz ki, bələdiyyələrin statusu yoxdur. Statusu olmadığına görə siyasi təşkilatlarda seçkilərdə iştiraka meyl olduqca azdır. Hətta üzvlər də bu prosesdə maraqsız görünürlər. Çalışılır ki, daha çox adam iştirak etsin. Amma hakimiyyət bilərəkdən bələdiyyələrin statusunu aşağı endirib ki, az adam iştirak etsin.

Bələdiyyələrin birləşdirərkən də hakimiyyət eyni mövqedən çıxış etdi. Baxın, 6-7, bəzən 10 kəndi birləşdirib, bir bələdiyyə yaradırlar. Tutaq ki, bir kənddə 4 min seçici, digər kənddə 1500 seçici var. Nəticə belə alınır ki, demokratik seçkilər keçirilsə, 4 min seçicisi olan kənd heç vaxt 1500 seçicisi olan kənddən nümayəndə seçməyəcək. Bu da yerli özünüidarəetmə olmur, çünki bir kənd heç vaxt öz adamını seçə bilmir. Bu, düzgün deyil. Hər kənd, kiçicik inzibati vahid özünün qurumunu seçməlidir. Hakimiyyət bunu ona görə edir ki, əhalinin bələdiyyə seçkilərinə marağı az olsun. Diqqət edin, 30 min adam bələdiyyələrə seçilmək üçün mübarizə aparır. Hər kəs çevrəsi ilə birlikdə 100 aktiv seçici ortaya çıxarsa, 3 milyon seçici mövqe ifadə edəcək və seçici dinamikliyi yaranacaq. İndi nə baş verir? 30 min namizədi 17 minə endirirlər, bələdiyyələrin səlahiyyətlərini alırlar, heç kim də bu prosesdə iştirak etmək istəmir. Siyasi institutların da vəziyyəti o qədər ürəkaçan deyil ki, bu missiyanı üzərilərinə götürsünlər. Yeri gəlmişkən, siyasi institutları, partiyaları daha çox günahlandırırlar ki, siz bunu niyə belə etmirsiniz? Siyasi institut yönləndiricidir, istiqamətvericidir, amma hadisə yaradan deyil. Hadisə ölkədə baş verən ictimai-siyasi proseslərin fonunda yaranır. Azərbaycanda seçici aktivliyi yoxdur, seçki prosesi ölüdür. Bizə deyirlər ki, niyə yaratmırsınız? Biz üzvlərimizlə seçkini qazana bilmərik. Partiyanın seçkini qazanması üçün ən azı 2,6 milyon seçicisi olmalıdır. Heç bir partiyada belə deyil. Üzvlərimizlə seçki udmağı düşünmürük ki?! Seçici ilə seçkini qazanmaq istəyirik. Üzvlərimiz bizim üçün seçici ilə ünsiyyətə bir körpüdür. Hə, bu körpünü uçurublar, dağılıb, amma bununla belə proses baş versə, biz dərhal körpüləri bərpa edə bilərik. Əslində, bizə kimyəvi reaksiyalar acısından baxsaq, ana maddə olmadığımızı görərik, katalizator rolunu oynayırıq, baş verən reaksiyanı sürətləndirə bilərik. Adam seçkidə iştirak etmək istəmirsə, zorla onu məcbur etmək olmaz ki. Həm də bu, bizim imkanlarımız çərçivəsində deyil, efirimiz, radiomuz yoxdur. Kütləvi İnformasiya Vasitələrinin çap məhsulları regionlara çata bilmir. 9 milyon əhalisi, 5 milyondan çox seçicisi olan bir ölkədə ən tirajlı qəzetin 10 min tirajı olur. Yəni, bununla hansı təbliğat üsulu qurmaq olar?! İnternet imkanları mərkəzdə nə qədər güclüdürsə, regionlarda yox dərəcəsindədir. 

Əhalinin 50 faizi kənd rayonlarında yaşayır. Deyirlər ki, ölkə əhalisinin 47 faizi kənddə, 53 faizi isə şəhərlərdə yaşayır. Gəlin diqqət edək, 125 deputat yerindən 29-u Bakıda, 4-ü Gəncədə, 4-ü Sumqayıtdadır. Bəs niyə böyük əksəriyyət şəhərlərdə deyil? Bu balans nə ilə tənzimlənir? Yəni, bu tipli yanaşmalarda ifrata varırlar, amma yanlışdır. Biz gücümüzü səfərbər etmişik. Bugünkü pəncərədən baxanda, güman edirəm ki, YAP-dan sonra ən çox namizəd verən Ümid Partiyası olacaq. Hədəfimiz var ki, bələdiyyə subyektindən minə yaxın namizəd təqdim edəcəyik. Seçkilərdə iştirak etmək üçün 4500-5000 namizədimiz olacaq.

 

- Bəs parlament?

- Parlament seçkiləri üçün hələ tezdir. Alt yapıda bu seçkilərə hazırlıq gedir. Amma hələ ki qarşıda bələdiyyə seçkiləridir, biz də bu seçkilərə hazırlaşırıq. Çünki Qarabağ Blokunun daxilindəyik. Bələdiyyə seçkiləri bitmədən, ölkədəki ictimai-siyasi mühiti doğru-dürüst dəyərləndirmədən parlament seçkiləri ilə bağlı fikir söyləmək düzgün deyil.

 

- Qarabağ Blokunun tərkibini genişləndirməyi düşünürsünüz?

- İstərdik, Qarabağ Bloku vahid blok olsun. Amma hər kəs buraya meyl etmir. Hər kəs fərqli şəkildə mübarizə aparmağın tərəfdarıdır. Müsavat Partiyası bir cameədə, AXCP digər cameədə, digər təşkilatlar da fərqli qaydada mübarizəyə üstünlük verirlər. Müxalifətin bir yerdə olmasında maraqlıyıq. Amma təəssüf ki, hələ ki bu, baş tutmur.

 

- Ölkədə baş verənlərlə bağlı partiya sədrləri ilə görüşüb, müzakirələr aparırsınızmı?

- Müxtəlif tədbirlərdə, çay süfrəsi ətrafında görüşlərimiz olur. Ölkədə baş verənləri dəyərləndiririk. Hamımızın aşağı yuxarı baxışlarımız eynidir. Amma bəzən firqə maraqları, firqə daxilində baş verənlər və yaxud seçiciyə münasibət, seçkidən gözləntilər fikir ayrılıqları yaradır. Məsələn, Ümid Partiyası ilə Müsavatın prezident seçkisindən gözləntiləri eyni deyildi, bizim bir yerdə olmağımız da çətin idi. Müsavat başqa bir namizədi dəstəkləyirdi. Burada maraqlar başqadır. Amma bələdiyyə seçkilərində bir yerdə olmaq olar. Təəssüflər olsun ki, şəxsi münasibətlər sistemi siyasi sistemə yansayıb və müxalif partiyalar bundan qurtula bilmir. Bu da ziyanlıdır.

 

- Niyə belədir?

- Lətifəsi bizdən uzaq, bir məsəldə deyir, yer bərk olanda öküz öküzdən görər. Problem çoxdur deyə hər kəs bir-birindən görür. Problem olmasa, demokratiya olsa, hər kəs öz yolu ilə gedər və nələrsə qazana bilər. Hamının bir-birini ittiham etməsinə səbəb çatışmazlıqların çox olmasıdır.

 

- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozinin Azərbaycana gəlişi nədən xəbər verir?

- Rusiya regionun şəklini dəyişdirməyə çalışır, 20-ci əsrə oxşatmağa çalışır. Xüsusilə, sovet coğrafiyasını bərpa etməyə səy göstərir. Roqozin də bununla bağlı ifadə işlətmişdi ki, tökülən daşları, artıq yığmaq lazımdır. Rusiya bunun üçün ciddi çaba göstərir. Rusiya anlayır ki, təkbaşına dünya hegemonu olmaq, qüvvələr balansını dəyişdirmək, ayaqda qalmaq çətindir, düşünür ki, birliklər yaratmalıdır. Heç kim Amerika ilə özünü müqayisə edə bilməz. Dünyanın hansı yerində olursan, ol, cibindən çıxardığın bank kartında dollar olur. Mənsub olduğun ölkənin pulunun dəyəri nə qədər yüksək olsa da, yenə də dollardan istifadə edilir. Hətta bəzən evro ilə hesablaşmaq olmur. Bu, ciddi göstəricidir. Rusiya bunu nəzərə almaq istəmir. Anlamaq istəmir ki, dünyanın gücü insan potensialıdır. Qərb insan potensialını yüksəldib. Onlar dünyanın hər yerində əqli məhsullarını satırlar, biz də bundan istifadə edirik. Sovet dövründə məşhur bir misal vardı, tütün istehsalçıları siqaretlərini reklam edirlər. Filp Moresin rəhbərliyi deyir ki, siqaret çəkənlərin hamısı siqaretlərini çıxarsınlar. Hamı cibindən «Marlboro» çıxarır. Deyir, sizcə, mənim reklama ehtiyacım varmı?

Bu gün geyimdən tutmuş telefona qədər qərbdən gətirirsənsə və deyirsənsə ki, gücün var, onları əzəcəksən, özünü gülünc günə qoyursan. Bizə tez-tez deyirlər ki, qərbpərəstsiniz. Biz hansısa pərəst deyilik. Sadəcə, Avropanı, Amerikanı seçməyimizdə bir səbəb var, orada hər şey sivildir. İnsanlara verilən dəyər, şəffaflıq, açıq cəmiyyət prinsipi göz önündədir. Biz də bunu seçirik. Rusiya buyursun, bu idarəetməni tətbiq etsin. Qərb ölkələrinin yaratdığı birliklərə diqqət edin. Onlar üzv olan dövlətlərin qarşısında öhdəliklər qoyurlar, qanunvericiliyi, insanlara münasibətini dəyişməyi tələb edirlər ki, sonradan Avropa Birliyinə qəbul məsələsi gündəmə gəlsin. Rusiya isə yaratdığı birliyə dövlətləri zorən salmaq istəyir. Daha diqqət etmir ki, həmin dövlətlərin qanunvericilik bazasında, idarəetmədə uyğunluq necədir. Şimali Koreya da müraciət etsə, deyəcəklər ki, gəlin. Çünki Rusiyanın yaratdığı birliyin mahiyyəti o cür eybəcərliklərə söykənir. Bizim o birlikdə iştirak etməməyimizin səbəbi aydın deyilmi? Desək ki, bizi Avropa Birliyə qəbul edin, edərlərmi? Əlbəttə, xeyr. Qarşımızda demokratiya ilə bağlı xeyli şərt qoyacaqlar. Rusiyanın o birlikləri yaratmaqda maraqları yoxdursa, bizi niyə oraya məcburi aparırlar ki?! Deməli, burada başqa məsələlər var, ora daxil oldunsa, Rusiyaya xidmət etməlisən. Biz xidmətçi olmaq istəmirik. Tez-tez hakimiyyət içində olanlardan, cəmiyyət üzvlərindən, ictimai-siyasi statusu olanlardan eşidirik ki, Rusiya Azərbaycana pislik etməyib, 2 milyon azərbaycanlı orada işləyir, ölkə tarix boyu Rusiya ilə isti münasibətlərdə olub. Bunu deyənlərin Azərbaycanın tarixini vərəqləyiblərmi? 30 milyon soydaşımız hüquqsuz vəziyyətdə İranın əsarəti altındadırsa, bu, Rusiya ilə İranın müharibəsinin nəticəsi deyilmi? 19-cu əsrin əvvəllərindəki Rus-İran müharibələrinin nəticə olaraq, Azərbaycan iki yerə parçalanmayıbmı? 1905-ci il, 1918-ci il baş verən qırğınları törədən, 1920-ci ildə cümhuriyyətimizi dağıdan Rusiya deyildimi? Rusiya Azərbaycanın əraziləri olan İrəvanı, Göyçəni, Zəngəzuru alıb Ermənistan dövləti yaratdı. 1990-cı ilin 20 yanvar hadisəsini də , 1992-ci ildə baş verən Xocalı faciəsini də Rusiya törədib. Dağlıq Qarabağ və ərtaf əraziləri işğal edən Rusiya deyilmi? Bütün bunların hamısını görən insanlar necə deyə bilər ki, Rusiyanın Azərbaycana ziyanı dəyməyib? Bugün Rusiyada yaşayan azərbaycanlılara rusların ehtiyacı var. Çünki orada insan potensialı, demoqrafik vəziyyət gündən-günə pisləşir. Rusiyanın orada yaşayan 2 milyon azərbaycanlıya ehtiyacı olmasa, inanın, 1 saatın içində hamısını Rusiya sərhədlərindən kənara qovar. Deyirlər, bizimkilər orada pul qazanırlar, sanki, bu insanlar işləmirlər, amma hökumət bunların cibini pulla doldurur. Azərbaycanlıların hamısı orada əziyyət çəkib pul qazanırlar. Ən dəhşətlisi odur ki, bəzən məmur təbəqəsinin içində də bu düşüncəyə sahib insanlara rast gəlinir. O məmurlar düşünməlidirlər ki, Azərbaycan Rusiyanın tərkibində olanda, bir kölə idiniz, Moskvadan idarə olunurdunuz. İndi isə azadıq, bayrağımız dalğalanır. Bu Rusiya sevgisi haradan çıxıb? Bizim Rusiyaya nifrətimiz yoxdur. Sadəcə, reallığı söyləmək lazımdır.

 

- Azərbaycan hansı şərtlər daxilində Avrasiya İqtisadi Birliyinə daxil ola bilər? Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycana qaytarılsa, birliyə qoşulmaq olarmı?

- Kasıbın başından papağı alıb, qaçırlar. Sonra qaytaranda kasıb deyir ki, nə yaxşı adamdır, papağımı qaytardı. Sən mənim papağımı başımdan niyə almışdın? Sən torpağı işğal edib, bugün qaytarıram deyirsənsə, sabah yenə də alacaqsan. Çünki kart-blanş sənin əlindədir. Bu cür yanaşmaları qəbul etmirəm. Torpağı Azərbaycandan alıb, Ermənilərə verən, sonra ondan alıb geri qaytaran, sabah onun dediklərini etməsək, yenə də almayacaqmı? Bunları zamanla etmişik, zərər çəkmişik. Yenə də təkrar edək? Lətifəsi bizdən uzaq, uzunqulaq palçığa batdığı yerə ikinci dəfə getmir. Azərbaycan nə qədər Rusiya bataqlığına batacaq? Nə qədər itirəcəyik? Cənubi Qafqaza əmin-amanlıq, sülh, barış Rusiyasız mümkündür. Rusiya olan yerdə bunların heç biri olmayacaq. Müvəqqəti barış, sülh, sabah daha dəhşətli faciələrlə nəticələnəcək.

 

- Rusiya Qafqaz regionu üçün nə qədər təhlükəlidir?

- Çox təhlükəlidir. Rusiya təkcə bölgə üçün deyil, bütövlükdə dünya üçün təhlükəlidir. Rusiya demokratikləşməzsə, təhlükə olaraq qalacaq. Bu məsələ ilə bağlı ciddi düşünmək lazımdır.

 

- Bəs, niyə Azərbaycan hakimiyyəti Amerikanı tənqid etdiyi kimi Rusiyanı tənqid etmir?

- Belə şeylər olur, siyasətdə manevrləri qəbul edirəm. Əgər hakimiyyət Avrasiya İqtisadi Birliyinə qoşulmursa, deməli, Rusiyanı qəbul etmir. Ola bilər, Rusiyanın pəncəsi bir qədər uzundur, Azərbaycanın başına qapaz vura bilər, problemlər yarada bilər. Amma bilin, Azərbaycan hakimiyyəti Rusiyanın yanında deyil, bu da müxalifətin mövqeyi ilə üst-üstə düşür. Rusiyanın yanında olsaydılar, o quruma qoşulardılar.

 

- Azərbaycan hansı mövqeni tutacaq?

- Bugünkü baxışım onu göstərir ki, ağıllı hakimiyyət Rusiyanın yanına getməz. Azərbaycan iqtisadiyyatının 95 faizi Qərblə bağlıdır. Azərbaycan nədən üzünü Rusiya çevirməlidir ki? Hesab etmirəm, hakimiyyət Rusiyanın yanına gedəcək. O quruma qoşulacaqsa, çox qısa zamanda hakimiyyəti təhvil verməli olacaq. Bunu hər kəs bilir.

 

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar məlum qalmaqallı müsahibəsində deyib ki, hakimiyyət daxilində müəyyən rusiyameylli qüvvələr Qərbə inteqrasiyanın əngəl olurlar. Bu nə dərəcə də doğru fikirdir? 

- Morninqstar başqa şey də deyib. Onun çıxışında bir məqam var idi. Deyib ki, Azərbaycan digər post-sovet ölkələrindən suverenlik və müstəqillik məsələsində daha israrlı görünür, bu, sevindiricidir. Onun müsahibəsini təhlil etmək istəmirəm, amm müsahibə müxalifətin xeyrinə deyildi. Hamı bilir ki, o müsahibəsində müxalifətdən daha çox iqtidarın xeyrinə danışıb. Səfir İlham Əliyevi 19 ildir tanıdığını, dost olduqlarını qeyd edib, Əliyevin Azərbaycan üçün kifayət qədər ciddi addımlar atdığını bildirib. Hakimiyyət daxilindən Rusiya barədə deyilənlər o qədər önəmli deyil. Türkiyəlilər bunu bu cür anladır: Laflardır. Rusiyaya göstərilir ki, baxın, Amerikanı bu cür tənqid edirik.

 

- Bütövlükdə ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiz?

- İki ölkə arasındakı münasibətləri çox yüksək qiymətləndirirəm. Azərbaycan hakimiyyəti siyasətdə bəzi məqamları tutub. Məsələn, baxın, Qərbin tənqidi əfvdə başlayır, əfvdə bitir. Ən böyük tələbləri «filankəsi tutma, filankəsi burax»dır. Yəni, burada manevr etməyə nə var ki?! Bu balaca alanda manevr etmək çox asandır. Qərblə münasibətlər sistemi bu yerə gəlib çıxıb. Artıq, koorupsiya və rüşvətxorluqdan, böyük seçki islahatlarından danışan yoxdur. Müzakirə olunan mövzu həbsdəkilərin azad edilməsidir. Hakimiyyət həbsdəkiləri buraxırsa, yaxşı olur, əks halda, pis. Belə yerdə siyasət aparmaq rahatdır.

 

- ABŞ-ın Dağlıq Qarabağla mövqeyinə münasibətiniz necədir?

- Cənubi Qafqazdan danışan hər bir ağıllı adam bir məsələni bilməlidirlər, bu region üçün açar Azərbaycan deyil, Ermənistandır. Bunu hər kəs qəbul etməlidir. Diqqət edin, biz Rusiyanın yanında olsaq, Qərb Ermənistanla işləyəcək. Yox, əgər Qərbin yanında olsaq, Rusiya Ermənistanla işləyəcək. Sadə səbəbləri var, diasporanın fəaliyyəti Qərbdə, seçici kimi təsir etmək imkanları Fransada, Amerikada və hər seçkiöncəsi o təbəqəyə edilən müraciətlər, Rusiyanın da hərbi bazaları. Bu gün Ermənistanı Qərbin əlindən ala bilmərik. Çünki bunun üçün hər cür münbit şərait var, amma alınmır. Cənubi Qafqazda Azərbaycandan, Gürcüstandan fərqli olaraq, Rusiya Ermənistanda hərbi bazalarını yerləşdirib. Biz yalnız Ermənistanı Rusiyanın əlindən ala bilərik. Bunu almaq üçün də Azərbaycanın edə biləcəyi hansısa güzəşt sistemi yoxdur. Çalışmalıyıq ki, Ermənistan özü Rusiyadan imtina etsin. Bu da Cənubi Qafqaz birliyi ilə mümkündür. Yəni, Avropa Birliyinin mini modeli olmalıdır. Bu da daha çox Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Türkiyənin Cənubi Qafqaz regionuna girməsindən asılıdır. Başqa heç bir şey. Ona görə bizim iqtisadiyyatımız nə qədər artsa, Qərb portnyorlarımız nə qədər çoxalsa, hətta Qərbin yanında dayansaq belə, Ermənistandan hələlik nə Qərb, nə də Rusiya imtina edir. Yenə deyirəm, Cənubi Qafqazın açarı Ermənistanın əlindədir. Ermənistan Rusiyanı regionda saxlamağa cəhd etsə belə, Qərb bu dövlətdən imtina etmir. Azərbaycan Ermənistanın mövqeyini tutmuş olsaydı, Qərb ölkələrinin ayaqları altında qalardı. Amma Ermənistanla çox ehtiyatlı davranırlar. Fransa prezidenti deyir ki, Fransa həmişə Ermənistanın yanındadır, onu müdafiə edəcək. Niyə? Sən ki Cənubi Qafqazı Avropa Birliyi çərçivəsində Şərq Tərəfdaşlığı proqramında görmək və Rusiyanın regiondakı nüfuz dairəsinin azalmasını istəyirsən. Bəs nədən Ermənistanı yanındasan? Deməli, burada maraqlar var. Ona görə də biz bu istiqamətdə siyasətimizi düzgün müəyyənləşdirməliyik. Düşünməliyik ki, Rusiya ilə Ermənistan hansı vasitələrlə olursa, olsun, düşmən səviyyəsinə gətirilməlidir və Ermənistan Rusiyanı bölgədən çıxarmalıdır. Rusiya bölgədən çıxmış olarsa, bizim Qərb insititutları ilə Cənubi Qafqazın özündə də Ermənistanla dil tapmaq imkanlarımız olacaq. Buradan problemləri öz xeyrimizə həll etmək imkanlarımız yaranır. Çünki biz regionda iqtisadi imkanlarımıza görə Ermənistan və Gürcüstandan 4-5, demoqrafik vəziyyətimizə görə də iki dəfə üstünük. Biz bundan istifadə etməliyik. Əvvəlcə yerimizi və mövqeyimizi möhkəmlətməliyik, sonra regionun gerçək sahibi kimi əlimizdən olanları paylaşa-paylaşa bunlara sahib çıxmalıyıq. Kimsə müharibə variantına qaçmasın. Müharibə bugünkü şərtlərlə ziyanımızadır. Anlamalıyıq ki, Qərb də, Rusiya da müharibə vəziyyətində müttəfiqimiz olmayacaq, Ermənistana dəstək verəcəklər. Qəbul etməliyik ki, humanitar fəlakətlə üz-üzə deyilik. Məsələn, 2001-ci, 2000-ci, ondan əvvəlki illər humanitar fəlakət dövrü idi, insanlar çadırlarda yaşayırdılar. İndi o mərhələ adlanıb. O mərhələ keçibsə, humanitar fəlakət yoxdursa, deməli, səbr nümayiş etdirmək və siyasəti uzun vədəli qurmaq, davam etdirmək gerçəkdən Cənubi Qafqazda qalibiyyətimizi təmin edən şərt olacaq.

 

- Siz əvvəllər də Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı olmusunuz. Yenə də o mövqeyinizdə qalırsınız. Amma bəzi siyasətçilər bunun təhlükəli olduğunu iddia edir axı...

- Təsəvvür edin, 72 milyonluq bir xalq, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlət indiki kimi qeyri-rəsmi qaydada deyil, rəsmi qayda da Ermənistanın içərilərinə girə bilir, bununla psixologiya dəyişir. 3 milyona yaxın erməni xalqı həm də assimilyasiya meyllidir, bunun tarixi aspektləri də var. Baxsanız, görərsiniz ki, ermənilərin məişətində nə qədər türk sözləri işlədilir, türk adət-ənənələri yaşadırlar. Deyirlər, dolma ermənilərin milli yeməyidir. Hər kəs dolmanın «doldurmaq» sözündən yarandığını bilir və türk mənşəlidir. Amma türklər də bu, yoxdur. Rusiyanın nüfuzu azaldıqca, Türkiyənin nüfuzu artır və Avropa Birliyi Türkiyə vasitəsilə Ermənistanda dilemma qarşısında qalmır. Türkiyə sərhədlərini Ermənistana bağlamaqla ona şans vermişik. Buna görə də Rusiya və Avropa üçün vacib dövlət olub. Sərhədlər açılsa, Rusiyanın özündə Ermənistanla bağlı, artıq ciddi tərəddüdlər başlayacaq. Belə olan halda, Rusiya müttəfiqini fərqli şəkildə müəyyən edəcək. Ola bilər, Cənubi Qafqazdan çıxmağı da düşünsün.

 

- Ümumiyyətlə, dünyanın siyasi ritorikasını necə qiymətləndirirsiniz?

- Yaxın Şərq Dünyanın faciəvi və başqa dövlətlərin də diqqətlə izlədiyi yerdir. Çox təəssüflər olsun ki, burada dini ritorika üstünlük təşkil edir. Dini ritorikanın içərisinə məzhəb ritorikasını da əlavə edirlər. Məsələ mürəkkəb olduğu qədər də sadədir. Dünyada təhlükəsizliklərini təmin etmiş coğrafi məkanlar var və onlar kimlə mübarizə apardıqlarını və dünyaya fərqlilikləri göstərmək üçün məkanlar və ideologiyalar seçirlər. Bu gün Yaxın Şərq Avropa-təhlükəsiz yaşam tərzini təmin etmiş ölkələr üçün görkdür, ona baxıb düzlənirlər. Orada baş verənlərin olmaması üçün daha çox birliklərə nail olurlar. Təəssüf ki, burada islam hədəf seçilir. İslamı, onun fəlsəfəsini bilməyənlər, islamdan çox-çox uzaq olan məzhəb sahibləri dindən vasitə kimi istifadə edirlər. İslamı dünyaya Suriyadakı, İraqdakı, Əfqanıstandakı kimi təqdim edirlər. Bu, islam deyil. Nə yazıq ki, dünya islamı belə tanıyır. Təəssüf ki, baş verən qarşıdurmalarda körpə uşaqların ölümü islamın mənzərəsini cızır, onun palitrasını müəyyən edir. İslam ölkələri bu barədə ciddi şəkildə düşünməlidirlər. Yaxın Şərqin demokratikləşməsi, açıq cəmiyyətə çevrilməsi, dinin isə vasitə olmadığını göstərə bilən bir siyasət ortaya qoymalıdırlar. Din insanların içindədir, onların imanıdır, inamıdır, allaha bağlılığıdır. Amma onun fətva verəni, şeyxi, imamı olanda bu, artıq təşkilata çevrilir, təşkilatlar isə maraqlarını bu cür ifadə edirlər. Çox təəssüflər olsun ki, dinin təşkilat olduğu zamana çatmışıq. Təşkilatın da maraqları uğrunda mübarizə gedir. Biz islamı təşkilat hesab etmirik. Təşkilat olmayan islam dünyanın ən tərəqqipərvər, ən humanist dinlərindən biridir və islam dinin Yaxın Şərqdə hakim olmasını istəyirik.

 





16.06.2014    çap et  çap et