Vaxt.Az

Xəritələrdə yoxdur


 

Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza

Xəritələrdə yoxdur Şimali Koreyanın Çin sərhədinə cəmi 27 kilometr məsafədə gizli bir raket bazası qurduğu ortaya çıxıb.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (Center for Strategic and International Studies – CSIS) yaydığı hesabatda qeyd olunur ki, Şimali Pxenyan əyalətindəki “Sinpung-dong” adlı baza Çin sərhədinə cəmi 27 kilometr məsafədə yerləşir.

Hesabata görə, bazada altı ilə doqquz arasında nüvə başlığı daşıya bilən qitələrarası ballistik raketlər və buraxılış sistemləri yerləşdirilib.

Hesabatda vurğulanır ki, bu silahlar həm Şərqi Asiya, həm də ABŞ ana qitəsi üçün “nüvə təhlükəsi” yaradır.

 

Açıqlanmayan raket obyekti

 

Hesabat qeyd edir ki, “Sinpung-dong”, Şimali Koreyanın rəsmi şəkildə bəyan etmədiyi təxminən 15-20 raket bazasından biridir. Bu bazalar daha əvvəl ABŞ ilə aparılan nüvə danışıqlarında gündəmə gətirilməyib.

Ekspertlərin fikrincə, böhran və ya müharibə zamanı bazadan buraxılan raketlər xüsusi qüvvələrlə birləşərək ölkənin müxtəlif bölgələrindən aşkarlanması çətin buraxılışlar həyata keçirə bilər.

 

Şimalı Koreyanın məqsədi nədir?

 

Hesabatda bu bazaların Pxenyanın ballistik raket strategiyasının əsas komponentləri olduğu və ölkənin nüvə caydırıcılıq potensialını artırdığı qeyd olunur.

Lider Kim Çen In da son aylarda ölkənin nüvə gücünün “sürətli genişləndirilməsi” çağırışı etmişdi.

 





21.08.2025    çap et  çap et