Titanikdən cəmi iki il sonra, 1914-cü ildə “Newport News” Gəmi Tərsanəsində tikilmiş bu buxarlı gəmi “SS Medina” hələ də ayaqdadır.
Bir zamanlar soğan və müxtəlif yükləri daşıyan, İkinci Dünya müharibəsində orduda xidmət edən, daha sonra sərnişin və missioner gəmisi kimi istifadə olunan bu tarixi gəmi, indi tamamilə yeni bir kimliyə malikdir: İndoneziyanın Bintan adasında quru sahilə çəkilmiş lüks hotelə çevrilib.
“SS Medina” illər boyunca fərqli adlarla dənizləri gəzib. “SS Roma” adı ilə sərnişin gəmisi olub, “MS Franca C.” adı ilə kruiz səfərlərinə çıxıb, 1977-ci ildə isə xristian təşkilatı tərəfindən “MV Doulos” adı ilə missioner və səyyar kitabxana gəmisinə çevrilib.
30 ildən çox müddətdə 100-dən çox ölkəni gəzib, 360 min dəniz milindən çox məsafə qət edib.
***
2010-cu ildə sinqapurlu iş adamı Erik Sou (Eric Saw) tərəfindən 900 min avroya alınan gəmi doğranmaqdan son anda xilas edilib.
Sou 15 il ərzində təxminən 23 milyon Sinqapur dolları (18 milyon ABŞ dolları) xərcləyərək gəmini tam təmir etdirib və Bintan adasında xüsusi yaradılmış çapa formasında süni yarımadaya yerləşdirib.
2015-ci ildə 6 min 800 tonluq gəmi dənizdən çıxarılaraq xüsusi beton platformaya qoyulub. Bu iş yeddi həftə davam edib. Bu gün gəminin 428 metrlik gövdəsi, böyük pərvanəsi və pərçinlənmiş polad örtüyü tam şəkildə görünür.
Yeni adı ilə “Doulos Phos” (“İşığın xidmətçisi”), artıq 100-ə yaxın kabin və suitə malik lüks hoteldir. Gəminin dar koridorları, metal qapıları və dənizə baxan dairəvi pəncərələri qorunub saxlanaraq dənizçilik ruhu yaşadılır.
Hotelin bütün terminologiyası da gəmiçilikdən qaynaqlanır: İşçilər “heyət”, otaqlar “kabin”, mərtəbələr isə “göyərtə” adlanır.
İlk açılışını 2019-cu ildə edən hotel pandemiya səbəbindən bağlanmalı oldu. Lakin Sinqapur və İndoneziya arasındakı sərhəd məhdudiyyətləri aradan qalxdıqdan sonra 2023-cü ildə yenidən fəaliyyətə başlayıb.