Partiya proqramında din və dövlət işlərinin tam ayrılması tələb olunur. Orada qeyd edilir ki, ictimai yerlərdə dini toplantılar istənmir, dövlət qulluqçuları isə Ramazan bayramı kimi dini tədbirlərdə iştirak etməməlidirlər. Daha əvvəl təqdim edilən qanun layihəsinə istinadla, azanlarda səsucaldıcı istifadəsinin qadağan edilməsi və ölkə miqyasında burka qadağasının tətbiqi yenidən gündəmə gətirilib.
“JA21” həmçinin İslam mədəniyyətində qadınlara, homoseksuallara “zərərli baxışların” olduğunu iddia edir və bunların təhdid olmadan açıq şəkildə müzakirə olunmalı olduğunu vurğulayır. Partiya proqramında belə bir ifadə yer alır: “Çox vaxt İslama yönəlmiş tənqidlər İslamofobiya və ya irqçilik kimi etiketlənir. Halbuki bu, eyni şey deyil.”
Partiya “Hollandiyanın islamlaşmasının qarşısını almağı” hədəfləyərək, Qirt Vildersin rəhbərlik etdiyi PVV partiyasından ayrılan seçiciləri qazanmaq istəyir. “Ipsos”un 2023-cü il sorğusuna görə, “JA21” seçicilərinin əhəmiyyətli bir hissəsi PVV-yə keçmişdi. Digər partiyalar Vilderslə koalisiya ehtimalını rədd etdiyi halda, Eerdmans “Hollandiyanın mərkəzə yox, güclü bir sağ hökumətə ehtiyacı var” deyərək fürsət gördüyünü açıqlayıb. Partiyanın hazırkı reytinqi sorğularda 5–9 mandat arasında dəyişir.
Keçmiş dövlət katibi, indi isə yeni namizəd İnqrid Koonradi (Ingrid Coenradie) Ədliyyə və Təhlükəsizlik Nazirliyi dövründə həbsxana tutumunun artırılması üçün əlavə büdcə istəmiş, amma nəticə ala bilməmişdi. JA21 indi polis, prokurorluq, məhkəmələr və həbsxanalara böyük sərmayə vəd edir. Həmçinin dövlət büdcəsinin ən azı 2%-nin daxili təhlükəsizliyə ayrılması üçün “Milli Təhlükəsizlik Standartı” təklif olunur.
Partiyanın diqqətçəkən digər siyasəti məcburi psixiatriya müalicəsi mənasına gələn TBS tətbiqidir. Daha əvvəl TBS-yə məsafəli yanaşan Eerdmans, Koonradinin təsiri ilə bu sahəyə ciddi sərmayə qoyulmasını müdafiə edir.
Buna qarşılıq cinayət məsuliyyətində sərtləşmə önə çıxır. “JA21” ağır zorakılıq və cinsi cinayətlərdə minimum cəzaların məcburi olmasını, “üç cinayət qaydası” ilə üç ağır cinayət törədənlərin ömürlük həbsə məhkum edilməsini istəyir. Bundan başqa, polis, tibb və yanğınsöndürmə işçilərinə qarşı zorakılıqda istisnasız həbs cəzası nəzərdə tutulur.