Vaxt.Az

Birjaların çəkir gözü intizar


 

FED üzvlərindən ehtiyatlı açıqlamalar

Birjaların çəkir gözü intizar Bazarlar Pauelli gözləyərkən dünən FED-in bəzi rəsmilərindən pul siyasətinə dair açıqlamalar gəldi.

Kanzas-Siti FED-in sədri Ceff Şmid (Jeff Schmid), ABŞ-da inflyasiya risklərinin əmək bazarı risklərindən bir qədər yüksək olduğunu, lakin pul siyasətinin yaxşı bir mövqedə dayandığını bildirib. Şmid faiz dərəcələrinin nə vaxt endiriləcəyi müzakirəsinin artıq siyasətin həddindən artıq məhdudlaşdırıcı olub-olmamasına dair FED rəsmilərinin fərdi mövqelərinə bağlı olduğunu vurğulayıb. “Məncə, siyasətlər orta səviyyədə məhdudlaşdırıcıdır”, – deyən Şmid əlavə edib: “Düzgün yoldayıq”.

Atlanta FED-in sədri Rafael Bostik (Raphael Bostic) də bu il üçün yalnız bir faiz endiriminin uyğun olduğunu düşündüyünü, lakin əmək bazarının gedişatının “narahatedici” olduğunu və diqqətlə izlənməli olduğunu söyləyib.

Klivlend FED-in sədri Bet Hammak (Beth Hammack), Federal Açıq Bazar Komitəsinin (Federal Open Market Committee – FOMC) iclası sabah olsaydı, faiz endiriminə dəstək verməyəcəyini qeyd edib. Hammak bildirib: “İnflyasiya çox yüksəkdir və son bir ildə artım meyli göstərir”.

Çikaqo FED-in sədri Austan Qulsbi (Austan Goolsbee) isə son inflyasiya göstəricilərinin gözləntiləri üstələməsinə baxmayaraq, “təhlükəli” hesab edilən həmin göstəricinin yalnız müvəqqəti bir vəziyyət olmasını ümid etdiyini deyib. Qulsbi əlavə edib ki, “Gözləntilərimizin altında gələn bəzi inflyasiya hesabatları da var və mən nikbinəm”.

Digər tərəfdən ABŞ Ədliyyə Nazirliyi Pauellə cümə axşamı məktub göndərərək, FED-in idarə heyəti üzvü Liza Kuk (Lisa Cook) barəsində istintaq açıla biləcəyini bildirib və onun rəhbərlikdən uzaqlaşdırılması çağırışını edib.

İddialara görə, Kuk Miçiqan ştatının Ann-Arbor şəhərində bir ev üçün kredit götürərkən bunu “əsas yaşayış yeri” kimi bəyan edib, lakin iki həftə sonra Corciya ştatında başqa bir ev üçün də eyni bəyanatı verib. Kaliforniya senatoru Adam Şiff (Adam Schiff) və Nyu-York baş prokuroru Letisiya Ceyms (Letitia James) haqqında oxşar araşdırmalar aparan Ədliyyə Nazirliyinin rəsmisi Ed Martin, Kukun işinin “daha dərindən araşdırılmasını tələb etdiyini” söyləyib.

Martin məktubunda yazıb: “Hazırda xanım Kukun idarə heyətindən çıxarılmasını tövsiyə edirəm. Çox gec olmadan bunu bu gün edin! Axı, heç bir amerikalı bu dövrdə üzərində şübhə buludu dolaşan birinin vəzifədə qalmasının münasib olduğunu düşünmür”.

 





22.08.2025    çap et  çap et