VHP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hələlik bəlli olmayan ünvandan hücum edən hakerlər sosial şəbəkələrdə müxtəlif ictimai-siyasi xadimlərin ünvanına VHP sədri Sabir Rüstəmxanlı və partiya funksioneri adından müraciətlər göndərir, onun haqqında guya açıqlama verildiyini bildirməklə, vhpress.az saytını açmasını xahiş edirlər. Saytın açılması zamanı parol istənilir və parol yazılarkən həmin şəxsin bütün elektron ünvanı və «Facebook» profili ələ keçirilir. İki gündür ki, partiya sədri də daxil olmaqla, partiya funksionerlərinin elektron ünvanlarına, sosial şəbəkədəki profillərinə də hücumlar təşkil edilir. Həmçinin, partiyanın rəsmi saytı olan vhp.az saytı da hakerlərin hücumu ilə dağıdılıb.
Vətəndaş Həmrəyliyi Partiyası mətbuat katibliyi bildirir ki, vhpress.az-dan istifadə edilərək həyata keçirilən bu çirkin niyyətin qarşısını almaq üçün artıq saytın fəaliyyəti dayandırılıb və mütəxəssislər bu problemi aradan qaldırmayana qədər sayt fəaliyyət göstərməyəcək: «İctimai-siyasi xadimlərdən və sosial şəbəkə istifadəçilərindən isə xahiş edirik ki, VHP sədri və ya funksionerləri adından sizə göndərilən hər hansı linkə daxil olmayın və belə bir bildiriş aldığınız təqdirdə, dərhal təhlükəsizlik tədbirlərini həyata keçirin».