Şimali Karolina sahilində, xüsusilə Outer-Banks bölgəsində qasırğanın təsiri güclü hiss olunub. Şimali Karolina qubernatorluğu, sahil boyunca əlverişsiz hava şəraitinə səbəb olması gözlənilən Erin qasırğası ilə əlaqədar bütün əyalətdə fövqəladə vəziyyət elan edib.
Milli Hava Xidmətinin (NWS) xəbərdarlığına görə, Floridadan Nyu-Enqləndə qədər olan sahillərdə təhlükəli su axınları və dalğalar mövcuddur. Nyu-York, Nyu-Cersi, Merilend və Delaverdə onlarca çimərlik müvəqqəti olaraq bağlanıb.
Nyu-York qubernatoru Keti Hoçul bildirib ki, bütün çimərliklər cümə axşamına qədər bağlanacaq. Meteoroloqlar, Lonq-Island sahillərində dalğaların 3,6–4,8 metr yüksəkliyə çatacağını, Bruklin və Kuinsin alçaq ərazilərində isə sahil daşqınlarının mümkün olduğunu açıqlayıblar.