Vaxt.Az

“Ticarətdə yeni mərhələ”


 

Kanada ABŞ mallarına tətbiq edilən bir sıra cavab rüsumlarını ləğv edəcək

“Ticarətdə yeni mərhələ” Kanadanın Baş naziri Mark Karni (Mark Carney) keçirdiyi mətbuat konfransında ABŞ ilə ticarət münasibətlərinə dair son yenilikləri açıqlayıb. Karni bildirib ki, ötən ilin sonunda ABŞ-ın dünyadakı orta gömrük rüsumu 2%-dən bir qədər yuxarı olubsa, hazırda bu göstərici 16%-ə yüksəlib.

O, əvvəlki ticarət mübahisələrində olduğu kimi, Kanadanın da işçiləri və şirkətləri qorumaq, eləcə də ABŞ ilə danışıqlar yolu ilə razılaşmaya nail olmaq üçün cavab tədbiri olaraq gömrük rüsumlarını tətbiq etdiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, ABŞ bir neçə həftə əvvəl ABŞ-Meksika-Kanada Sazişinə (USMCA) olan öhdəliklərini yenidən təsdiqləyib. Karni əlavə edib ki, USMCA ilə uyğun ixrac “Beynəlxalq Təcili İqtisadi Səlahiyyətlər Qanunu” (IEEPA) çərçivəsində tətbiq edilən gömrük vergilərinə tabe deyil.

Karni qeyd edib ki, ABŞ-ın son qərarından sonra Kanada mallarına tətbiq edilən faktiki gömrük rüsumu 5,6% təşkil edir:

“Bu göstərici ABŞ-ın bütün ticarət tərəfdaşları arasında ən aşağı səviyyədədir. Hazırda Kanada ilə ABŞ arasında ticarətin 85%-dən çoxu gömrüksüz həyata keçirilir. Kanada ABŞ ilə ən yaxşı ticarət razılaşmasına malikdir”.

 

Polad alüminium və avtomobil tarifləri qüvvədə qalacaq

 

Mark Karni vurğulayıb ki, Kanada USMCA öhdəliklərinə uyğun olaraq, saziş çərçivəsində ABŞ mallarına tətbiq edilən bütün gömrük rüsumlarını ləğv edəcək və bununla bərabər şərtlər təmin olunacaq. Bu qərar 1 sentyabrdan qüvvəyə minəcək.

O bildirib ki, iki ölkə mallarının böyük əksəriyyəti üzrə sərbəst ticarət yenidən bərpa edilir. Bununla belə, polad, alüminium və avtomobillərə tətbiq olunan gömrük vergiləri qüvvədə qalacaq.

Baş nazir Karni ABŞ prezidenti Donald Tramp ilə dünənki görüşünü xatırladaraq, iki ölkənin strateji sektorlar üzrə mövcud ticarət problemlərini müzakirə edəcəyini və ticarət, investisiya və təhlükəsizlik sahələrində imkanların dəyərləndiriləcəyini deyib.

Karni əlavə edib ki, ABŞ ilə münasibətləri inkişaf etdirməklə yanaşı, Kanada hökuməti işçiləri, biznesləri və istehlakçıları dəstəkləmək üçün bütün zəruri addımları atacaq.

 





23.08.2025    çap et  çap et