Əvvəlki həftədə 4,56 milyard dollar olan qısa dollar mövqeləri həmin dövrdə 6,15 milyard dollara yüksəlib. Bu, dolların ucuzlaşacağına dair mövqelərdə 8 iyul həftəsindən bəri ilk artımdır. Digər tərəfdən, “hedge” fondları yen qarşısındakı qısa mövqelərini artıraraq hazırda Yapon valyutasının gələcəkdə zəifləməsinə bağlı təxminən 50 848 kontrat saxlayırlar. Bu isə son yeddi aydan artıq müddətdə ən yüksək səviyyədir.
Eyni fondlar avro və funt-sterlinq üzərində artım gözləntilərini əks etdirən uzun mövqelərini də azaldıblar. Bununla yanaşı, investorlar son 3 ilin ən böyük qısa “VIX” mövqelərini açıblar. Qızıldakı uzun mövqelərin azaldığı müşahidə olunarkən, neft uzun mövqeləri az da olsa artıb.
Hazırda investorlar bu həftə çərşənbə günü açıqlanacaq “Nvidia” hesabatı, həftə ərzində ABŞ böyümə və əsas “PCE” göstəriciləri, eləcə də gələnaykı FED faiz qərarı öncəsi “Wall Street”də “hedge” mexanizmlərini işə salmağa hazırlaşırlar. “Susquehanna International Group”un törəmə strategiyası üzrə həmsədri Kris Mörfi (Chris Murphy) deyib: “Cerom Pauell (Powell) ‘Jackson Hole’da gözlənildiyindən daha yumşaq mövqe sərgilədi və bazarlar açıq şəkildə müsbət reaksiya verdi.”
Onun sözlərinə görə, bəzi investorlar inflyasiya strategiyasının bir hissəsi olaraq “S&P 500”ü izləyən ETF-lərdə qoruma tədbirləri görür, “SPDR Gold Shares ETF”lərində isə alış spreydi alırlar.
“Bloomberg Intelligence”ın qlobal törəmə məhsullar üzrə strateqi Tanvir Sandhu isə bildirib: “Mövcud bazar şəraitində “S&P 500” üzərində satış spreydləri daha etibarlı “hedge” ola bilər.”
“Bank of America Corp.”un strateqlərinə görə isə “VIX” opsionları yüksək xərcləri səbəbilə hazırkı mərhələdə yaxşı “hedge” aləti hesab edilmir.