Analitiklərin proqnozlarına görə, “MSCI Emerging Markets Index” (İnkişaf etməkdə olan bazarlar indeksi) qarşıdakı 12 ayda təxminən 15% dəyər qazanacaq. İnkişaf etmiş bazarları izləyən “MSCI World Index”də isə artım 10% civarında gözlənilir.
Sinqapurda “Fidelity” fond meneceri Corc Efstatopoulos (George Efstathopoulos) deyib: “EM səhmləri əksər bazarlarda yerli pul siyasətinin yumşalmasının daxili kreditləri və istehlakı artırmasının, həmçinin dolların zəifləməsinin təsiri ilə daha yaxşı performans göstərəcək kimi görünür. Ən mühüm mərkəzi bank olan FED-in qarşıdakı rüblərdə yenidən yumşaltmaya başlaması ehtimalını da unutmamaq lazımdır.”
Londonda “Ninety One”da inkişaf etməkdə olan bazar səhmləri fondu meneceri Arçi Hart (Archie Hart) bildirib ki, bu aktivlərin rəqiblərini geridə qoymasının əsas səbəblərindən biri daha ortodoks və bazaryönlü maliyyə siyasətləridir: “İnkişaf etməkdə olan bazarlardakı siyasətçilərə baxsaq, onların mühafizəkar, bazar intizamına bağlı və praqmatik olduqlarını görürük. Bu səbəbdən inkişaf etmiş bazarlarda gördüyümüz kimi davamlı olmayan böyük büdcə kəsirləri ilə rastlaşmırıq”.
“T. Rowe Price”a görə isə inkişaf etməkdə olan bazarlarda dəyərləndirmələr daha cəlbedicidir. Şirkətin Sinqapur ofisinin portfel meneceri Tomas Pullaoek (Thomas Poullaouec) deyib: “İnkişaf etmiş bazarlarla müqayisədə dəyərləndirmələr EM-lərdə daha məqbul səviyyələrdədir. Mənfəət artımı gözləntiləri daha yüksək olduğu üçün çoxaktivli portfellərimizdə inkişaf etməkdə olan bazar səhmlərində ‘çəkini artır’ mövqeyimizi qoruyuruq”.
“Pullaoek” seçiciliyin vacibliyini və bəzi EM valyutalarını bəyəndiyini qeyd edib: “Yüksək “carry” və yaxşılaşan maliyyə siyasəti təsəvvürünün dəstəyi ilə Latın Amerikası valyutalarında, xüsusilə Braziliya realında alış mövqeyimizi qoruyuruq”.