Vaxt.Az

Qlobal bazarlarda yumşaq FED əhvalı


 

Bütün texnologiya nəhənglərinin səhmləri bahalaşdı

Qlobal bazarlarda yumşaq FED əhvalı ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauell (Jerome Powell) “Jackson Hole” simpoziumundakı çıxışında sentyabr ayında faiz endirimlərinin yolunu açaraq, iqtisadçılara görə növbəti addımların göstəricilərə bağlı olacağını bildirdi. Çıxışdakı mesajlar bazar iştirakçılarının risk iştahasını artırdı.

Pauellin cümə günü “Jackson Hole”da etdiyi çıxış gözləntilərdən daha yumşaq olduğundan ABŞ fond birjaları həftəlik itkilərini silərək artıya keçdi.

Faiz endirimi gözləyən investorların aşağı borclanma xərcləri şəraitində yaxşı performans göstərən səhmlərə yönəlməsi nəticəsində “S&P 500” indeksi 1,5% qalxaraq may ayından bəri ən yüksək səviyyəyə çatdı.

Bütün texnologiya nəhənglərinin səhmləri bahalaşdı, kiçik şirkətləri əks etdirən “Russell 2000” təxminən 4% artdı, bankların səhmləri isə tarixi maksimum səviyyəyə yüksəldi.

“Intel Corp.” ABŞ hökumətinin şirkətdə təxminən 10% pay alması ilə 5,5% bahalaşdı. Investorlar sentyabrda Fed-in faiz endirəcəyini daha çox qiymətləndirərkən, ABŞ dövlət istiqrazlarının bütün maturitet əyrisi boyunca qiymətləri artdı və iki illik istiqraz faizləri 10 baza xal aşağı düşdü. Dolar indeksi isə təxminən 1% azaldı.

Kripto bazarında isə hərəkətlənmə sürətlənib və “Ether” dörd il sonra ilk dəfə rekord vurdu. Yeni həftənin ilk əməliyyat günündə ABŞ və Avropa fyuçers indeksləri isə az da olsa mənfi zonada qaldı.

Asiya səhmləri isə FED-in faiz endirimi gözləntiləri ilə bahalaşır. “MSCI Asia Pacific Index” bir ara 1,1% qalxıb, Honkonqdakı texnologiya səhmləri 3,1% artıb, Şanxay səhmləri isə 0,9% bahalaşaraq son 10 ilin ən yüksək səviyyəsindədir.

 





25.08.2025    çap et  çap et