Vaxt.Az

Süni intellekt savaşı


 

İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı

Süni intellekt savaşı İlon Maskın süni intellekt şirkəti “xAI”, “Apple” və “OpenAI” şirkətlərini rəqabəti məhdudlaşdırmaq məqsədilə əməkdaşlıqda ittiham edərək məhkəməyə verib.

İddiada bildirilir ki, “Apple” smartfon bazarındakı monopoliyasını qorumaq üçün ümidsiz addımlar ataraq, süni intellekt sahəsində rəqabəti və innovasiyaları məhdudlaşdırmaqdan ən çox faydalanan, generativ süni intellekt bazarında dominant mövqedə olan “OpenAI” ilə güclərini birləşdirib.

Bu məhkəmə prosesi əslində Mask ilə Sam Altman arasında uzun illər davam edən mübahisələrin bir hissəsidir.

İddialara görə, “Apple”, “ChatGPT”ni sistemlərinə inteqrasiya etmək üçün “OpenAI” ilə xüsusi əməkdaşlıq qurub və bu tərəfdaşlıq səbəbindən öz “App Store” platformasında “X” və “xAI”nin süni intellekt çat-botu “Grok” tətbiqini ön plana çıxarmaqdan yayınır.

“Apple” sözçüsü isə bildirib ki, “App Store” ədalətli və qərəzsiz şəkildə fəaliyyət göstərir, tətbiqlər isə müstəqil ekspertlər tərəfindən seçilən siyahılar, alqoritmik tövsiyələr və reytinqlər əsasında istifadəçilərə təqdim olunur.

Mask və Altman arasındakı bu qarşıdurma yeni deyil. Bir vaxtlar “OpenAI”nin həmtəsisçisi və həmsədri olan Mask, şirkətin kommersiya yönümlü quruma çevrilməsinin qarşısını almaq üçün də məhkəməyə müraciət etmişdi. O, həmçinin “OpenAI”ni satın almaq məqsədilə 97,4 milyard dollarlıq təklif irəli sürmüş, lakin şirkət bu təklifi rədd etmişdi.

Mask bu ayın əvvəlində “X” platformasında bəyan etmişdi ki, “App Store”da “OpenAI”dan başqa hər hansı süni intellekt şirkətinin birinci yerə çıxması mümkün deyil.

“Apple” və “OpenAI” arasında əməkdaşlıq bu ilin iyun ayında elan olunub və ortaq funksiyaların dekabr ayında istifadəyə verilməsi gözlənilir.

 





26.08.2025    çap et  çap et