Vaxt.Az

İpoteka fırıldağı iddiası


 

Tramp FED rəsmisini vəzifədən azad etdi

İpoteka fırıldağı iddiası ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) idarə heyəti üzvü Liza Kukun dərhal vəzifədən azad edildiyini açıqlayıb. Prezident, Kukun iki ipoteka müqaviləsində yalan bəyan verdiyini iddia edir.

Vaxt.az xəbər verir ki, bu addım Trampın mərkəzi banka qarşı növbəti hücumu kimi qiymətləndirilir. Prezident dəfələrlə FED-i faiz dərəcələrini dərhal endirməyə çağırsa da, bu məsələ üzrə gərginlik artmaqda davam edir. Analitiklər Kukun işdən çıxarılmasının yüksək profilli hüquqi mübarizə ilə müşayiət olunacağını istisna etmirlər.

Tramp sosial şəbəkədə yaydığı məktubda guvernatorun vəzifədən uzaqlaşdırılması üçün “kifayət qədər əsas” olduğunu bildirib:

“Kukun bir və ya daha çox ipoteka müqaviləsində yanlış bəyan verdiyinə inanmaq üçün kifayət qədər səbəb var”, – deyə o qeyd edib. Prezidentin sözlərinə görə, Kuk bir neçə həftə fərqlə imzalanan iki müqavilədə iki fərqli mülkü əsas yaşayış yeri kimi göstərib.

İddialar ilk dəfə avqustun əvvəlində Federal Mənzil Maliyyələşdirmə Agentliyinin direktoru Uilyam Pult tərəfindən gündəmə gətirilib. Pult deyib ki, Kuk əvvəlcə Miçiqandakı evini əsas yaşayış yeri kimi bəyan edib, kredit aldıqdan sonra isə Atlanta şəhərindəki mənzilini əsas yaşayış yeri kimi göstərib. Bundan sonra o, ABŞ Ədliyyə naziri Pam Bondini araşdırmaya çağırıb və Tramp da bu iddianı dəstəkləyib.

FED-in idarə heyətinə seçilən ilk afroamerikalı qadın olan Kuk isə ittihamları rədd edib:

“Bir tvitdə ortaya atılan bəzi suallar səbəbindən istefa verməyə məcbur olmaq niyyətində deyiləm”, – deyə o bildirib.

Kukun işdən çıxarılması xəbəri, Trampın FED üzərində daha çox təsir imkanları əldə etmək istəyinə bağlanır. Çünki o, dəfələrlə sosial mediada rəsminin vəzifədən uzaqlaşdırılması ilə bağlı çağırışlar etmişdi.

Xatırladaq ki, Kuk prezident Co Bayden tərəfindən təyin edilən üç FED üzvündən biridir və onun müddəti Trampın ikinci administrasiyasından sonrakı dövrü də əhatə edir. Bu amil isə Trampın mərkəzi bank üzərində tam nəzarət qurmaq planlarını çətinləşdirə bilər.

Hazırda FED-in yeddi nəfərlik şurasının iki üzvü və sədr Cerom Pauel Trampın namizədi olub. Lakin Pauel prezidentin daha geniş faiz endirimi çağırışlarını əsasən rədd edib.

Ötən həftə “Jackson Hall” simpoziumunda çıxış edən Pauel əmək bazarında zəifləmə əlamətləri fonunda əlavə faiz endirimlərinə açıq olduqlarını etiraf edib.

Bununla belə, Vaxt.az-ın təhlilinə görə, Tramp administrasiyası siyasi opponentlərinə qarşı ipoteka fırıldaqları ittihamlarından da alət kimi istifadə edir. Demokratlardan olan Nyu-York baş prokuroru Letisiya Ceyms və senator Adam Şiff də bu ittihamların hədəfində olublar.

 





26.08.2025    çap et  çap et