Vaxt.Az

Prezidentə qızıl medal verildi


 

İlham Əliyev Yunanıstan baş naziri və spikeri ilə görüşüb

Prezidentə qızıl medal verildi İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras ilə görüşü olub.


Baş nazir Antonis Samaras Prezident İlham Əliyevi qarşılayıb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilib.

Görüşdən sonra Yunanıstanın Baş naziri Antonis Samaras tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

Yunanıstana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Afinada Yunanıstan Respublikası parlamentinin sədri Vanqelis Meimarakis ilə də görüşüb.

Yunanıstan parlamentinin sədri dövlətimizin başçısını qarşılayıb.

Vanqelis Meimarakis dost Azərbaycanın Prezidenti İlham Əliyev ilə Yunanıstan parlamentində görüşündən məmnunluğunu bildirib. O, Azərbaycan və Yunanıstan parlamentləri arasında əlaqələrin inkişaf etdiyini söyləyib.

Ötən ilin noyabrında Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycanda olduğunu xatırladan sədr yaxın vaxtlarda özünün də ölkəmizə səfər edəcəyini diqqətə çatdırdı. Vanqelis Meimarakis bu səfərin parlamentlərarası əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.

Parlamentin sədri, həmçinin Azərbaycan Prezidentinin Yunanıstana dövlət səfərinin ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin ölkələrimiz üçün çox önəmli olduğunu dedi, bu əlaqələrin ümumi əməkdaşlığımızın inkişafında mühüm yer tutduğunu bildirdi.

Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələrin inkişafını qeyd edən dövlətimizin başçısı qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini bunun göstəricisi olduğunu vurğulayıb.

Dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın çox uğurlu olduğunu söyləyib. Son beş ildə Yunanıstana ikinci dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əlaqələrin inkişafını təsdiq edən mühüm fakt olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Yunanıstan Prezidenti və Baş naziri ilə səmərəli görüşlər keçirdiyini dedi, Azərbaycan ilə Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin çox uğurla inkişaf etdiyini və əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanların olduğunu bildirdi.

Sonda Vanqelis Meimarakis Yunanıstan parlamentinin qızıl medalını Prezident İlham Əliyevə təqdim edib.

 





16.06.2014    çap et  çap et