Qərar mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları artırarkən, Trampın FED rəhbərliyinə özünə yaxın yeni bir şəxsi təyin etməsi ehtimalını gündəmə gətirib.
Bu hadisədən sonra dollar ilkin mərhələdə ucuzlaşıb, investorlar isə qızıl kimi təhlükəsiz limanlara üz tutublar. ABŞ Prezidenti Donald Trampın Fed üzvü Liza Kuku vəzifədən kənarlaşdırmaq qərarı ilə zəifləyən dollar, Cook’un istefa etməyəcəyini açıqlaması fonunda itkilərinin böyük hissəsini geri alıb.
Bir müddət 0,32% geriləyən “Bloomberg Dollar Index” hazırda sabitləşib. FED-in müstəqilliyinə dair narahatlıqlar investorları təhlükəsiz limanlara yönəldib, qızıl isə bir müddət 0,6%-dək dəyər qazandıqdan sonra hazırda 0,3% artıda qalır.
ABŞ xəzinə istiqrazlarının gəlir əyrisi dikləşib: ikiillik gəlirlərin enməsi FED-in qarşıdakı ay faiz endirimi edəcəyi barədə şayiələrin artdığını göstərib, 30 illik istiqrazların gəliri isə yumşaq pul siyasətinin inflyasiyanı alovlandıracağına dair narahatlıqlar fonunda yüksəlib.
Dünəni 0,43% geriləmə ilə başa vuran “S&P 500” indeksi bu səhər fyuçers ticarətində də ucuzlaşır. Oxşar şəkildə Avropa fyuçers indeksləri də mənfi zonadadır.
Asiya birjaları da ümumilikdə dəyər itirir. Yaponiya “Nikkei” indeksi 0,9% azalaraq enişlərə liderlik edir. Təhlükəsiz limanlardan yapon yeni bir müddət dollara qarşı 0,55% möhkəmlənsə də, hazırda sabitləşib.