Vaxt.Az

Qızıl ucuzlaşıb


 

Qiymətlər FED müstəqilliyi ilə bağlı narahatlıqlar fonunda geriləyib

Qızıl ucuzlaşıb Qızıl qiymətləri ABŞ Prezidenti Donald Trampın FED İdarə Heyətinin üzvü Liza Kuku (Lisa Cook) vəzifədən azad etmə cəhdinin mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırmasından sonra iki həftənin zirvəsinə qalxsa da, Asiya sessiyasında ucuzlaşıb.

Tramp iki gün əvvəl Kukun ipoteka fırıldağı ilə bağlı iddialara görə dərhal vəzifədən uzaqlaşdırılmalı olduğunu açıqlamışdı. Bu bəyanatın ardınca dollar zəifləyib, qızıl və digər metalların qiymətləri artmışdı.

Lakin həm Kuk, həm də FED Prezidentin bu səlahiyyətə malik olmadığını bildirəndən sonra dollar dəyər itkilərini qismən bərpa edib, ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi sabitləşib.

Spot qızıl 0,5% ucuzlaşaraq unsiyası 3 378,29 dollara, oktyabr fyuçersləri isə 0,1% azalaraq 3 428,70 dollara düşüb.

Analitiklərin fikrincə, qızılın son günlərdə bahalaşmasının əsas səbəbi investorların Tramp ilə Kuk arasında uzun sürəcək məhkəmə çəkişməsi ehtimalını nəzərə alaraq təhlükəsiz liman axtarışına yönəlməsidir. Kuk vəzifəsini tərk etməyəcəyini, məsələni məhkəmədə müdafiə edəcəyini bildirib.

Trampın Kukun yerinə öz namizədini təyin etmək planı ona FED-in 7 üzvdən ibarət faiz siyasətini müəyyənləşdirən şurada üstünlük qazanmaq imkanı verə bilər. Bu isə ənənəvi olaraq siyasi müdaxilədən qorunan FED-in müstəqilliyi ilə bağlı narahatlıqları artırıb. Prezident daha əvvəl də faizləri kifayət qədər aşağı salmadığı üçün FED sədri Cerom Pauellu vəzifədən uzaqlaşdırmaqla hədələmişdi.

Bu gün dollar indeksi 98 bəndin üzərinə qalxaraq əvvəlki itkilərini kompensasiya edib. ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi də sabitləşib. Bunun nəticəsində digər qiymətli metalların qiymətləri azalıb: platin 0,1% enərək 1 353,71 dollar, gümüş isə 0,3% ucuzlaşaraq 38,50 dollar olub.

Sənaye metalları da təzyiq altında qalıb. London Metal Birjasında mis 0,1% azalaraq ton başına 9 838,55 dollar, COMEX bazarında isə 0,5% ucuzlaşaraq funt başına 4,5248 dollar təşkil edib.

 





27.08.2025    çap et  çap et