Məlumata əsasən, 22 avqustla başa çatan həftədə xam neft ehtiyatları 974 min barel azalıb. Halbuki bazar gözləntiləri ehtiyatlarda 1,7 milyon barel azalma olacağı istiqamətində idi. Öncəki həftədə isə azalma 2,4 milyon barel səviyyəsində qeydə alınmışdı.
Beləliklə, bu il ərzində ABŞ-ın neft ehtiyatları ümumilikdə 6,8 milyon barel artıb.
ABŞ Enerji Nazirliyinin (DoE) açıqlamasına görə, strateji neft ehtiyatındakı (SPR) xam neft ehtiyatları ötən həftə 800 min barel artaraq 404,2 milyon barel olub.
Benzin ehtiyatlarında isə azalma qeydə alınıb. Öncəki həftə 1 milyon barel artan benzin ehtiyatları ötən həftə 2,06 milyon barel geriləyib. Bununla da ABŞ-da benzin ehtiyatları son beş ilin orta göstəricisindən 1% aşağı düşüb.
Dizel və aviasiya yanacağı üzrə ehtiyatlarda da altı həftəlik artım seriyası başa çatıb. Əvvəlki həftə 500 min barel artım fonunda, ötən həftə 1,49 milyon barel azalma müşahidə olunub. Hazırda dizel və aviasiya yanacağı üzrə ehtiyatlar beş illik orta göstəricidən 13% aşağı səviyyədədir.
ABŞ-da WTI markalı neftin qiymətləndirildiyi ən böyük neft anbar mərkəzi olan Oklahoma ştatının Kuşinq bölgəsində ehtiyatlar ardıcıl üçüncü həftə azalıb. Öncəki həftə 100 min barel azalan ehtiyatlar ötən həftə daha 497 min barel geriləyib.
Bazar iştirakçıları isə Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı yeni rəqəmləri gözləyir. “Wall Street Journal” tərəfindən keçirilən sorğuya görə, analitiklər ötən həftə ehtiyatlarda 1,9 milyon barel azalma proqnozlaşdırır. Benzin ehtiyatlarının 1,7 milyon barel azalacağı, dizel və aviasiya yanacağı üzrə ehtiyatların isə 900 min barel artacağı ehtimal edilir.
Sorğu nəticələrinə əsasən, DoE-nin bu dəfə açıqlayacağı emal gücü istifadəsi göstəricisinin də 96,6%-dən 96,3%-ə enəcəyi gözlənilir.
DoE-nin rəsmi statistikasının bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacağı bildirilir.