Lobbi qrupu Amerikan Dəmir və Polad İnstitutu, Çinin qlobal nikel ehtiyatları üzərindəki nəzarətini gücləndirə biləcəyini qeyd edərək, 500 milyon dollarlıq bu Braziliya anlaşmasına Ağ Evin müdaxilə etməsini istəyib.
“Anglo American Plc” fevral ayında Braziliyadakı nikel mədənlərini, Çin dövlətinin nəzarətində olan “China Minmetals Corp.” şirkətinə satacağını açıqlamışdı. Bu şirkət Honq-Konq birjasında fəaliyyət göstərən MMG şirkətinin tərkibindədir və əməliyyatın bu rübdə tamamlanması gözlənilir.
Lobbi qrupu 18 avqustda ABŞ Ticarət Nümayəndəsi Ceymson Qrirə (Jamieson Greer) göndərdiyi məktubda, sözügedən satınalmanın Pekinə kritik nikel ehtiyatları üzərində “birbaşa təsir” verəcəyini və elektrikli avtomobil batareyaları və paslanmaz polad üçün əhəmiyyətli olan bu metalda Çinin üstünlüyünü artıracağını bildirib.
Ağ Evin anlaşmaya necə müdaxilə edə biləcəyi hələlik qeyri-müəyyəndir. Tramp administrasiyası ABŞ-da metal və mineral istehsalını canlandırmağı prioritet hesab edir və eyni zamanda Çin ilə gömrük tarifləri barədə danışıqlar aparır.
Lobbi qrupu məktubunda vurğulayıb ki, “Braziliya hökumətinin bu strateji nikel aktivlərinin bazar yönümlü mülkiyyətini qoruması və bu kritik minerala gələcəkdə açıq və ədalətli çıxışı təmin edəcək alternativləri nəzərdən keçirməsi çox önəmlidir.”
MMG şirkətinin sözçüsü “Bloomberg”ə açıqlamasında bildirib ki, Braziliyadakı aktivlər paslanmaz polad istehsalçıları üçün ferronikel istehsal edir və əsas bazar Avropadır: “Bu MMG-nin ilk fəal nikel aktividir və məhsullarımızı mövcud beynəlxalq müştərilərə və bazarlara satmağa davam etməyi planlaşdırırıq. Bizim baxışımıza görə, bu əməliyyat bazarda rəqabəti pozmayacaq”.
“Anglo American” nikel işindən çıxış prosesini “BHP Group”un istənməyən satınalma cəhdlərinə qarşı daha sadə bir struktur planının hissəsi olaraq başlamışdı. Şirkət, Avstraliyadakı böyük kömür portfelinin satışına dair 3,8 milyard dollarlıq razılaşmanın “Peabody Energy Corp.” tərəfindən ləğv olunması ilə önəmli bir itki yaşamışdı.