Donald Tramp, bazar ertəsi günü Cənubi Koreyanın yeni dövlət başçısı Li Cae-Myunq ilə keçirdiyi mətbuat konfransında açıqlamalar verib.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton Koreya Yarımadasında böyük yatırımlar edib və 40 mindən çox əsgər yerləşdirib, lakin bazaların yerləşdiyi torpaqlar hələ də icarəyə götürülür.
“Bəlkə etmək istədiyim işlərdən biri, bizə böyük bazaların yerləşdiyi torpağın mülkiyyətini vermələrini istəməkdir. İcarə müqaviləsini aradan qaldırıb bu böyük bazaların yerləşdiyi torpağın mülkiyyətini almaq istəyirəm”, – deyib. Lakin Donald Tramp hansı bazadan bəhs etdiyini açıq şəkildə bildirməyib.
ABŞ-ın Cənubi Koreyadakı ən böyük hərbi hissə 2018-ci ildə tamamlanmış və iki hökumətin milyardlarla dollar fon təmin etdiyi “Camp Humphreys” bazasıdır. Vaşinqton xaricdəki hərbi təsislərini uzunmüddətli icarə müqavilələri və ev sahibi ölkələrin suverenliyini qoruyan “Qüvvələrin Statusu Anlaşmaları” çərçivəsində idarə edir.
Hal-hazırda Cənubi Koreyada təxminən 28 500 ABŞ əsgəri yerləşir. Bu sayı Yaponiya və Almaniyadan sonra ABŞ-ın xaricdəki ən böyük hərbi varlıqlarından biridir.
Donald Tramp əlavə edib ki, ilk prezidentlik dövründə Seul ABŞ əsgərlərinin xərclərini öhdəsinə götürməsi qəbul etmişdi, lakin Co Bayden hökuməti bu razılaşmanı geri çevirdi. Donald Tramp, “Biz milyardlarla dollar alırdıq. Amma sonra Bayden bunu hər hansı bir səbəbdən dayandırdı. İnanılmazdır”, – deyib.
Donald Tramp, uzun müddətdir ki, Vaşinqtonun müttəfiqlərinin Amerikan “qoruması” üçün daha çox ödəniş etməli olduğunu bildirir. ABŞ Prezidenti həm ilk dövründə, həm də yenidən seçildiyi dövrdə NATO üzvlərinə müdafiə xərclərini artırmaları üçün təzyiq göstərib. ABŞ-ın “nisbətsiz yük” daşıdığını vurğulayaraq öhdəlikləri yenidən nəzərdən keçirmək hədəsini irəli sürüb.
Li Cae-Myunq Donald Trampın açıqlamalarına dair hər hansı bir cavab verməyib. Digər tərəfdən, Şimali Koreya onilliklərdir ki, ABŞ hərbi varlığını işğalçı qüvvə kimi qiymətləndirir və birgə təlimləri işğal təcrübəsi kimi qınamaqda davam edir.