1923-cü il təvəllüdlü Akuzava Yaponiyanın ən yaşlı alpinist unvanını qazandı. Avqust ayının əvvəlində baş tutan bu tırmanış rəsmi olaraq “Guinness Dünya Rekorları” tərəfindən qeydə alındı. Akuzava Fuji dağına qalxan ən yaşlı insan oldu.
Təqaüddə olan fermer Akuzava bu çətin səfəri “xüsusi bir şey deyil” sözləri ilə yüngülləşdirdi. Daha əvvəl 96 yaşında da zirvəyə çıxan Akuzava, “Altı il əvvəl də buradaydım, eyni mənzərəni gördüm”, – deyib.
Hazırlıq prosesi asan olmadı. Yanvar ayında evinə yaxın bir dağda düşərək yaralanan, daha sonra zona və ürək çatışmazlığı səbəbi ilə xəstəxanaya yerləşdirilən Akuzavanın sağlamlığı ailəsini narahat etmişdi. Lakin onun sürətli bərpası hətta həkimlərini də təəccübləndirdi. Hər səhər bir saat yürüş edən və həftədə bir dəfə dağa çıxan Akuzava beləliklə kondisiyasını yenidən bərpa etmişdi.
Üç gün davam edən Fuji dırmanışında yanında tibb bacısı olan nəvəsi də iştirak etdi. Xeyli çətin anlar yaşasa da zirvəyə çatmağı bacardı. Zirvəyə yenidən çıxmaq istəyib-istəmədiyi soruşulduqda isə qəti “xeyr” cavabı verdi.