Sol Partiya (Die Linke) deputatı Zada Salihovicin verdiyi sorğu ilə ortaya çıxan məlumatlar, Alman ordusunda ifrat sağçıların sayında əhəmiyyətli bir artımın baş verdiyini göstərir.
Alman parlamentinin ordu nəzarətçisi Eva Höqlün 2024-cü il hesabatına görə, “Bundeswehr”də 275 ifrat millətçilik hadisəsi qeydə alınıb. Bunlardan 219-u birbaşa ifrat sağçılıqla bağlı olub. Ötən il bu rəqəm 178 idi. Hadisələr arasında nasist salamları verilməsi, irqçi çıxışlar və ifrat sağçı mahnı sözlərinin istifadəsi kimi nümunələr yer alıb.
Zada Salihovic ordudakı vəziyyəti tək-tək hadisə deyil, gündəlik bir reallıq kimi qiymətləndirərək, “Əgər svastika (nasist simvolu) konstitusiyadan daha çox həmrəyliyi simvolizə edirsə, deməli ordu da, bu ölkə də ciddi bir problem qarşısındadır”, – deyib.
Müdafiə Nazirliyi isə hadisələrin ümumi personal sayına nisbətən “çox az” olduğunu bildirib. “Bundeswehr”də təxminən 180 min hərbçi və 80 min mülki işçi fəaliyyət göstərir. Nazirlik, ifrat meylə qarşı mübarizənin ən yüksək prioritetə malik olduğunu vurğulayıb.
2024-cü ildə yayımlanan bir araşdırma da, orduda son dövrlərdə ifrat sağ meyllərin artdığını, lakin uzunmüddətli tendensiyada 2000-ci illərdən bəri azalma olduğunu göstərib. Tədqiqat, xüsusilə özünü “hərbi elit” hesab edən və “Wehrmacht” ənənələrini önə çıxaran hərbçilərin bu fikirlərə daha açıq olduğunu müəyyən edib.