Vaxt.Az

Nobel idefiksi


 

Barak Obama sülh üçün nə etmişdi ki?

Nobel idefiksi Uzun illərdir Nobel mükafatının tarixini, pərdə arxası hadisələrini izləyən biri kimi gəldiyim qənaət var. Dünyanın bu prestijli mükafatını böyük istəklə gözləyən, onu şiddətlə arzulayan, mükafatın xəyalı ilə yatıb-qalxanlar əsasən ədəbiyyatçılardır. Fiziklər, kimyaçılar, bioloqlar da çox önəm verirlər, ancaq onlar adətən başlarını aşağı salıb elmlə məşğul olublar.

Nobelə layiq görülən alimlərin çoxu mükafat xəbərini ya tələbələri ilə laboratoriyada çalışarkən ya da auditoriyada mühazirə oxuyarkən öyrənirlər. İndiyə qədər Nobel arzusunun hansısa bir fizikdə idefiks — obsesiyaya çevrilmiş motivasiya yaratdığını eşitməmişəm. Ancaq ədəbiyyatçılar olub ki, Nobel mükafatını həyatlarının olmazsa-olmazı halına gətirmişlər.

Yaxın tariximizdə “məğlub edilmiş əfsanələr” rolunda görülən, Nobel almağa çox yaxınlaşmış, lakin mükafatı qazana bilməmiş və buna görə böyük xəyal qırıqlığı yaşayan yazıçılar çoxdur. Onlar layiq idilər, ancaq son nəticədə mükafatdan kənarda qalıblar:

– “Ulissis” romanı ilə modern ədəbiyyata inqilabi təsir göstərmiş Cems Coys;

– Ədəbiyyatın dahi mistifikatoru Xorxe Luis Borxes;

– 20-ci əsr ədəbuyyatına damğasını vurmuş Marsel Prust;

– “Tom Soyer” və “Haklberri Finn” kimi əsərlərinin müəllifi Marl Tven;

– Böyük oxucu kütləsi olan Vladimir Nabokov;

– “Norveç meşəsi” ilə Haruki Murakami…

Bu siyahını daha da uzatmaq olardı.

Fiziklər, kimyaçı və bioloqlar içində də əfsanələşmiş, amma Nobelsiz qalmış nəhəng elm adamları var:

– Kovalent rabitə və elektron cütü nəzəriyyəsi ilə müasir kimyanın əsasını qoyan Gilbert Levis;

– Fizika tarixinə “bozon” hissəcikləri adını salam Şatyendranat Bozen;

– DNT-nin ikili spiral quruluşunun kəşfində müstəsna rol oynayan Rozalind Franklin;

– Polio peyvəndini hazırlamaqla milyonlarla insanın həyatını xilas edən Jonas Salk…

Ancaq heç kim Nobeli mükafatını Donald Tramp qədər arzu etməmişdir.

İndiyə qədər onun istəyi kimi güçlü bir istək görülməmişdir.

Nədir axı Dünyanın ən qüdrətli ölkəsinin 2 dəfə seçilmiş bir prezidenti bu Nobel sevdası?

Tramp tarixdəki yerini artıq tutub, onu tənqid edənlər də var, yerdən-yerə vuranlar da… amerikalıların ən az yarısı onu gələcəkdə sayğı ilə anacaqlar, Dünyanın qaynar nöqtələrindəki insanlar, o ölkələrin orduları, liderləri də onu savaşı dayandırdığı üçün hörmətlə yad edəcəklər. Qarabağla bağlı 8 avqust 2025 tarixli hadisələr zənciri bizim də yaddaşımızda önəmli bir təqvim günü kimi, önəmli bir uğurumuz, Cənubi Qafqazın gələcəyi üçün tarixi bir dönüş nöqtəsi kimi qalacaq.

Trampın bu Nobel “obsesiyayası”nı necə izah edək?

Zənnimcə, bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır:

Prezident Obamanın Nobel Sülh mükafatına layiq görülməsini Tramp heç vaxt həzm edə bilmədi, bu qərarı hər zaman “ədalətsiz” saydı, hər fürsətdə Nobel komitəsini tənqid etdi. Doğrusu, Trampı anlamaq çətin deyil – Barak Obama sülh üçün nə etmişdi ki, Sülh üzrə Nobel mükafatına layiq görülmüşdü?

Obama 2009-cu ilin payızında – Ağ Evdə birinci ilini doldurmadan Nobel Sülh mükafatını aldı. Nobel Komitəsinə görə Obama mükafatı “gələcəkdə görəcəyi işlərə” görə, yəni “avans” olaraq almışdı. Təəssüf ki, iki il sonra ABŞ Fransa və İtaliya ilə birlikdə Liviyaya hərbi müdaxilə etdi… 2015-ci ildə isə Nobel Komitəsinin rəhbəri Geir Lundestad Obamanın laureatlığından təəssüfləndiyini bildirdi.

“Onlar Obamaya Nobel verdilər, mən isə Amerika prezidenti seçildim”, – Tramp demişdi. Bir başqa çıxışında isə Donald Tramp düşüncələrini belə ifadə etmişdi: “Obamaya Nobel verdilər, amma o, bu mükafatı nəyə görə aldığını bilmirdi; mən də nə üçün almadığımı anlaya bilmirəm”.

Tramp bəzən elə danışır ki, sanki onun üçün əsas məsələ Nobel laureatı olmaq deyil, daha çox tarixə “Sülh gətirən lider”kimi düşməkdir. O, Dünyaya sülh gətirə biləcəksə, bunun Nobel-dən daha vacib olduğunu narrativləşdirir: “Qoy Dünya qələbə qazansın”.

Nobel Sülh mükafatı qərarını digər Nobellərdən fərqli olaraq Stokholmda yox, Osloda xüsusi bir orqan – Norveç Nobel Komitəsi verir. Norveç parlamenti (Storting) tərəfindən seçilən 5 nəfərlik komitənin üç üzvü elə indidən Trampın namizədliyinin əleyhinə çıxırlar.

Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnes Trampı söz azadlığına təhlükə yaratdığını deyib, onun mediaya münasibətini pisləyib. Komitə üzvləri prezident Trampı “Amerikanın digər ölkələrə yardımının kəsilməsini tənqid edərək milyonlarla insanın həyatını riskə atmaqda” günahlandırır. Komitənin gözündə ABŞ prezidenti demokratiyanı və liberal dünya nizamını məhv edir…

Nobel Sülh Mükafatına digər namizədlərin açıqlanmır. Amma bu gizliliyə baxmayaraq müxtəlif media orqanları bəzilərinin adlarını sızdırırlar. Bu təxminlər içində baxın kimlər var:

– İmran Xan, Pakistanın sabiq Baş naziri;

– Ceff Halper və İssa Amro, İsrail və Fələstin aktivistləri;

– Mariya Korina Maçado, Venesuelalı müxalifət lideri;

– Zuriel Oduvole, 22 yaşlı amerikalı təhsil təbliğatçısı;

– İlon Mask, milyarder, məşhur iş adamı və mühəndis.

Ekspertlər ehtiyatlı davranırlar, Tramp həqiqətən də Dünyadakı Sülh təşəbbüsləri üçün çox çalışır, tərzi və metodları qeyri-ənənəvidir, bəzən işə yaraya bilər deyirlər. Amma bunun hələ ki, Nobel mükafatı üçün kafi olmadığını qeyd edirlər...

Dahi argentinalı yazar və şair Xorxe Luis Borxes narazılığını bu sözlərlə ifadə etmişdi: “Mənə Nobel verməmək Skandinaviya ənənəsi olub”. Nobel mükafatına layiq görülməsə görək Tramp nə deyəcək, tarixə necə düşəcək…

 





27.08.2025    çap et  çap et