Vaxt.Az
Avropa çempionatlndan ümidverici xəbər
İdmançılarımız 4 medalı özlərinə təmin ediblər
Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının 4 üzvü - Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər.Salman Əlizadə 1/4 finalda Gürcüstan boksçusu David Nanava üzərində qələbə qazanıb - 28:26, 28:28, 28:28. 2011-ci ilin Avropa çempionu finala gedən yolda Pekin və London Olimpiadasının bürünc mükafatçısı, 2010-cu ilin Avropa çempionu irlandiyalı Peddi Barnsla qarşılaşacaq.
Elvin Məmişzadə 1/4 finalda Macarıstan nümayəndəsi Norbert Kaluçza üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb. Məmişzadənin növbəti rəqibi 2010-cu ilin Avropa çempionu, 2011-ci ilin dünya çempionatının gümüş mükafatçısı uelsli Endryu Selbi olacaq.
Teymur Məmmədov 1/4 finalda irlandiyalı Tomas Makkartini məğlub edib. Hər 3 hakim 29:28 hesabını qeydə alıb. London Olimpiadasının bürünc mükafatçısı yarımfinalda "Baku Fires" klubunun sabiq üzvü ukraynalı Denis Poyatsıka ilə qarşılaşacaq. Qeyd edək ki, Poyatsıka 2006-cı ilin Avropa çempionudur.
Məhəmmədrəsul Məcidov isə 1/4 finalda rumıniyalı Mixay Nestorla görüşdə qələbəni vaxtından əvvəl təmin edib. Rumıniya idmançısı 3 dəfə xəbərdarlıq aldığından 3-cü raundda döyüşdən kənarlaşdırılıb. Dünya çempionumuz yarımfinalda Belarus komandasının lideri, Afina Olimpiadasının gümüş, 2003 və 2009-cu illər dünya çempionatının bürünc və Avropa çempionatlarının mükafatçısı Viktor Zuyevlə üz-üzə gələcək.
Qeyd edək ki, komandamız son Avropa çempionatındakı nəticəsini yaxşılaşdırıb. 2011-ci ildə 3 medal qazanan boksçularımız bu dəfə artıq 4 mükafatı özlərinə təmin ediblər.
Yarımfinal döyüşləri iyunun 7-də keçiriləcək.
06.06.2013 çap et