Vaxt.Az

... Kriptovalyuta müsadirə olundu


 

Azərbaycanda ilk dəfə ...

... Kriptovalyuta müsadirə olundu Əvvəllər cinayət məsuliyyətinə cəlb olunanlardan qızıl-gümüş, əmlak, avtomobil və s. fiziki formada mövcud olanlar müsadirə olunardı.

İndi isə dövran dəyişib.

DTX açıqlayıb ki, cinayət predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub və məhkəmə qərarı ilə icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldirilib.

Hansı kriptovalyuta və hansı qlobal birja olması açıqlanmasa da,  güman ki, söhbət “Bitcoin” və ya “Ethereum”dan, həmçinin də ölkəmizdə populyar olan “Binance” və ya “BitGet” birjalarından gedir.

Qlobal birjalar da adətən məhkəmə qərarı ilə gələn sorğuları dərhal icra edirlər.

Görəsən motiv nə olub?

DTX-nın açıqlamasında bu haqda məlumat verilmir.

Təxmin etmək olar ki, DTX hansısa mütəşəkkil dəstənin kiber cinayətini araşdırarkən bu cinayətin törədilməsində kriptovalyutalardan istifadə edildiyini, onların birja hesablarında xeyli kriptonun olduğunu müəyyənləşdirib.

Qanunvericilikdə də cinayət prosesində  əldə edilən bütün əmlakın, o cümlədən qeyri-maddi əmlakın, yəni virtual aktivlərin də müsadirəsi nəzərdə tutulur.

Xatırladıram ki, bu, Azərbaycan tarixində ilk belə hadisədir ki, hansısa  cinayət işi üzrə kriptovalyutaya məhkəmə qərarı ilə həbs qoyulub və müsadirə olunub.

Düşünürəm ki, bu addım ölkəmizdə virtual aktivlərin hüquqi statusunun möhkəmlənməsi baxımından önəmli presedent yaradır və rəqəmsal cinayətkarlıqla mübarizədə yeni mərhələnin başlanğıcıdır.

Xatırladıram ki, hələlik ölkəmizdə virtual aktivlər haqqında qanun qəbul edilməyib. Bir müddət öncə Mərkəzi Bankda görüş keçirilərkən qurumun rəhbərliyi adı çəkilən qanun layihəsinin hazırlanmaqda olduğunu bildirmişdi.

Bəs görəsən müsadirə olunan kriptovalyutanın taleyi necə olacaq ?

Beynəlxalq təcrübədə adətən müsadirə edilən kriptovalyutalar ya hərracla satılır, ya da dövlət ehtiyatlarına yönləndirilir.

Buradan belə qənaətə gəlmək olar ki, bir azdan Ədliyyə Nazirliyinin herrac.gov.az portalında hansısa dövlət qurumunun kriptovalyutanı satışa çıxarmasını görsək gərək təəccüblənməyək.

 





27.08.2025    çap et  çap et