Lakin Kissincer bu deqradasiyanın ilk növbədə elə onun öz ölkəsindən - Birləşmiş Ştatlardan başladığını heç cürə görmək istəmir və ya görə bilmirdi.
Bəli, Qərbdə siyasi lider böhranı, xarizmatik liderlər qıtlığı məhz ABŞ-dan başlayıb. Ronald Reyqandan sonra ABŞ siyasəti sözün əsl mənasında böyük, azman, dünya miqyaslı liderlərə həsrət qalıb. Amerianın siyasi sükanını Buş, Klinton, Obama kimi dələduzlar, klounlar ələ keçirib.
Son iki prezident – Co Bayden və Donald Tramp isə, ümumiyyətlə, ABŞ-ın dünyadakı rolunu və imicini darmadağın etməkləri ilə və siyasətçi obrazını tamamilə urvatsızlaşdırıb gözdən salmaqları ilə ən yeni tarixin üz qarası kimi yadda qalacaqlar.
Co Bayden dünyanın bütün sülhsevər qüvvələrini Ukraynaya dəstək üçün birləşdirib işğalçı Putini həmişəlik bitirə biləcəyi halda, bunu etmədi, Ukraynaya hər cürə silahlar verdi, lakin həmin silahlarla Rusiyanı vurmağa imkan vermədi.
Tramp isə hər addımda Baydeni tənqid (təhqir) etdiyi, gözdən salmağa çalışdığı halda, lakin hazırda dünyanın bir nömrəli şər adamına çevrilmiş Putini dayandırmaq əvəzinə, yalançı “sülhpərvər”lik obrazına girərək qlobal sövdəgərliklə, ticari işbazlıqlıqla məşğul olur və hər fürsətdə də Putinin ünvanına komplimentlər yağdırır, açıq şəkildə ona heyranlığını nümayiş etdirir.
Və budur, ötən gün Tramp Putinin şərəfinə növbəti difiramblarını dilə gətirib, səsləndirib. ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə görüşü zamanı Ukrayna və Avropa liderləri ilə bu yaxınlarda baş tutan birgə görüşdən sonra Putinlə təkrar telefon danışığı apardığını bildirib və deyib ki, “onunla etdiyim hər söhbət yaxşı müzakirədir”.
Lakin Trampın açıqlamasının əcaibliyi ondadır ki, deyir ki, “Putinlə etdiyim hər söhbətdən, yaxşı müzakirədən sonra təəssüf ki, Kiyevə, ya da harasa bomba atılır və mən buna çox əsəbiləşirəm”...
Daha sonra Tramp fikirlərinin əcaibliyini bir qədər də davam etdirərək əlavə edib ki, “Putinin Alyaskaya getməsi onun müharibəni bitirmək istəyinin ən böyük göstəricisidir”.
Ancaq təəssüf ki, Ağ Evə toplaşan jurnalistlərdən heç kim Trampdan soruşmayıb ki, Putin həqiqətən də müharibəni bitirmək istəyirsə, bəs, nə üçün sizinlə hər telefon söhbətindən sonra Ukraynanı daha amansız şəkildə bombalayır?
Və onu da soruşmayıblar ki, siz nə üçün BCM-in (Beynəlxalq Cinayət Məhkəməsi) həbsi üçün order verdiyi qatilin (Putinin) əlini sıxır və onu beynəlxalq təcrid vəziyyətindən çıxarmaqla daha da azğınlaşdırırsınız?
Bu cür aktual suallar atəşinə məruz qalmadığna görə özünü rahat və inamlı hiss edən Ağ Evin rəhbəri absurd fikirlərini davam etdirib və deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsi ədavətə görə görüşmək istəmir və onu sevmir...
“Elə insanlar var ki, mən onları sevmirəm və onlarla görüşmək istəmirəm. Əslində, onlar da bir-birlərini sevmirlər”...
Bəli, bəli, Donald Tramp məhz belə deyib.
Bütün bunlar əslində təkcə Putinin deyil, elə Trampın özünün də gerçək psixoloji portretini açıb ortaya qoyur.
Dünya dünənə kimi pis-yaxşı beynəlxalq hüquqla idarə olunurdusa, bu gün isə dünyanın taleyi ayrı-ayrı dəlilərin, şizofrenlərin, eqosu şişmiş narsistlərin simpatiya-antipatiya hisslərinin ümidinə qalıb.
Alyaskada qırmızı xalı üzərində görüşən keçmiş “KQB” polkovniki ilə biabırçı “Epşteyn siyahısı”nda adı keçən qalmaqallı biznesmen-prezident öz aralarında razılığa gəlib qlobal plan cızaraq bu gün nəinki ukraynalıların, əslində bütün insanlığın taleyi ilə oynayırlar.
P.S. Trampla Putin beynəlxalq hüququ tamamilə dəfn ediblər. Bundan sonra dünya bu psixopatların sevgi (və ya nifrət) emosiyaları ilə idarə olunacaq. Trampın əcaib məntiqindən belə çıxır. Misal üçün, Putin Zelenskini sevmirsə, deməli, Zelenski mütləq hakimiyyətdən getməli və Ukrayna da Rusiyanın nəzarətinə keçməlidir. Və yaxud, Trampın “Meksika” sözündən xoşu gəlmirsə, Meksika körfəzinin adının dəyişdirilərək “Amerika Körfəzi” adlandırılması barədə sərəncam imzalaya bilər (artıq imzalanıb). Eləcə də kefi istəyirsə, Qrenlandiyanı da işğal edə bilər...
Gördüyümüz kimi beynəlxalq hüquq yoxdur, ölüb. Bu lotular beynəlxalq hüququ öldürdülər. İndi hər şey onların əhvallarından, emosiyalarından, kefindən asılıdır. 45 milyonluq ukraynalıların və bir çox digər xalqların taleyi Kremldəki manyakın şəxsi münasibətlərinə bağlıdır. Yəni ki, sən demə, Saakaşvilini sevmədiyinə görə, Putin Gürcüstana qoşun yeritməkdə haqlıymış. Və Zelenski ilə də münasibətlərdə çətinliklər yaşadığına görə Ukraynaya xaincəsinə soxulmaq da Putinin halal haqqıymış...
Beləliklə, indi qlobal siyasətdə yeni tendensiya, yeni paradiqma yaranır: beynəlxalq hüquq və diplomatiya hegemon ölkələrin liderlərinin digər ölkələrin liderlərinə və xalqlarına qarşı fərdi yanaşmaları (nifrət və rəğbət) ilə əvəzlənir. Böyük siyasət Tramp və Putinin təhrif olunmuş sevgi anlayışının eksperiment meydançasına çevrilir...