Vaxt.Az

Tələbələrin təhsil forması seçimi


 

Nə vaxtadək qabağa getmək istəyən universitetləri arxadan tutub saxlayacaqlar?

Tələbələrin təhsil forması seçimi Yenə də eyni koordinat, eyni dalğadır. Hökumət bu il də distant təhsil formasını tətbiq etmək istəmədi.

Qiyabilərin sayı da tam minimuma endirilib.

Hökumət gələcək əmək bazarını müəyyən etməyi tam olaraq öz üzərinə götürüb.

Hansı ali məktəbə hansı sayda tələbənin, hansı təhsil forması ilə təhsil alacağını ETN-nin təklifləri əsasında Nazirlər Kabineti müəyyən edir.

Bu tip yanaşma dövlət hesabına oxuyanlar üçün məqbul görünə bilər. Hansı ki dünyanın indiki inkişaf səviyyəsində bu özü də müzakirə predmetidir.

Lakin, əgər təhsil haqqını tələbə özü ödəyəcəksə olmazmı ki, təhsil formasını da özü seçsin.

Axı hazırda xeyli sayda vətəndaşlarımız həm də müxtəlif sahələrdə çalışırlar və onların əyani formada təhsil almaq imkanları yoxdur.

Eyni zamanda xaricdə olan, ödəniş etmək imkanı olan da xeyli vətəndaşlarımız var ki, Azərbaycanda, öz universitetlərimzidə təhsil almaq istərdilər.

Eyni zamanda artıq ölkədə texnoloji infrastruktur da xeyli inkişaf edib, bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq yaradılıb.

Yəni açıq desək, xeyli sayda vətəndaşlarımız var ki, qabiliyyətləri var, şəraitləri var, pul ödəməyə hazırdırlar, amma qanunvericiliyə görə universitelərimiz distant formada təhsil  xidmətini onlara verə bilmir.

Universitetlərimizdə və vətəndaşlarımzıda distant formada təhsil xidməti ilə bağlı heç bir səlahiyyət yoxdur.

Hökumətimiz universitetlərin təhsil forması seçimini  öz üzərinə götürüb.

Qiyabini tam məhdudlaşdırıb, distanta da icazə vermir.

Qanunvericilikdə nəzərdə tutulsa da, universitetlər  DİSTANT  təhsil forması üzrə təhsil xidməti verə bilməzlər, bunu hökumət qadağan edib.

Eyni zamanda xaricdə distant formada oxuyanların diplomunu hökumətimiz tanımır.

Normalda ödənişi edənin özünün təhsil formasını seçməsi daha məntiqli olardı.

Əgər təhsil forması seçimini vətəndaşımıza vermək istəmiriksə , onda heç olmasa bu səlahiyyəti universitetlərə verək.

Elə universitetlər var ki, çoxdan buna hazırdırlar.

Bu sahəyə milyonlarla investisiya yatıran, müəllimləri hazırlayan, infrastruktur quran, elektron vəsaitlər hazırlayan , akademik vəziyyəti yüksək olan bir neçə universitetimiz dərhal bu xidməti verməyə hazırdırlar.

Lakin təəssüf ki, hökumətimiz hələ də, sanki  universitetləri arxadan tutub saxlayır ki, birdən qabağa gedərlər, regionda və dünyada daha rəqabətli bir universitetə çevrilərlər.

Çox təəssüfləndirici və düşündürücü bir vəziyyətdir.

Nə zamana qədər belə davam edəcək, bəlli deyil.

Ümid edirəm növbəti ildən şəraiti normal olan bəzi universitetlərə heç olmasa pilot qaydada distant təhsil formasıyla bağlı akademik qərar vermək hüququ veriləcək.

 





27.08.2025    çap et  çap et