Raket çərşənbə axşamı yerli vaxtla 18:30-da “SpaceX”in Texas ştatının cənubundakı “Starbase” bazasından buraxılıb. “Super Heavy” gücləndiricisi planlaşdırıldığı kimi “Starship” kosmik aparatından ayrılaraq Meksika körfəzinə nəzarətli eniş edib. “Starship” isə uçuşuna davam edərək təxminən 20 dəqiqə sonra gələcək “Starlink” peykləri ilə eyni ölçü və çəkiyə malik maket peykləri orbitə yerləşdirib.
“SpaceX” əməkdaşları peyklərin bir-bir aparatın gövdəsindən ayrıldığı anları canlı yayımda böyük coşqu ilə izləyiblər. Təxminən bir saat sonra “Starship” Yer atmosferinə qayıdaraq Hind okeanına enib. Suya dəydikdən sonra partladığı müşahidə edilsə də, missiya ümumilikdə uğurlu qiymətləndirilib.
Şirkətin canlı yayım komandası sınağın məqsədinin kosmik aparatı sərhədlərinə qədər sınaqdan keçirmək olduğunu vurğulayıb. Atmosferdən keçid zamanı bəzi hissələrin qopduğu görünüb. “SpaceX” sözçüsü Den Huot bu barədə, “Belə şeyləri görmək bizim üçün hələ də dəyərlidir. Bu aparatı son həddinə qədər sınaqdan keçiririk ki, növbəti versiyasının limitlərini daha yaxşı öyrənək”, – deyib.
Bu missiya İlon Mask rəhbərliyindəki şirkət üçün böyük əhəmiyyət daşıyır. Əvvəlki test uçuşlarında yaranan problemlər “Starship”in Maskın hədəflərini gerçəkləşdirib-gerçəkləşdirə bilməyəcəyi ilə bağlı suallar doğurmuşdu. Dünyanın ən böyük və ən güclü raketi kimi tanıdılan “Starship”, həm genişmiqyaslı “Starlink” internet peyklərinin orbitə daşınmasını, həm də insanların Aya və sonradan Marsa göndərilməsini nəzərdə tutur.
“SpaceX” 2025-ci ili çətin inkişaf mərhələsi ilə keçirib. İlin ilk iki uçuşunda raket buraxılışdan dəqiqələr sonra partlamış, üçüncü uçuşda aparat idarəetməni itirmişdi. İyun ayında başqa bir “Starship” test zamanı yanacaq doldurularkən partlamışdı. Şirkət belə uğursuzluqları gələcək buraxılışlar üçün öyrənmə imkanı kimi dəyərləndirsə də, son sınaq üzərində böyük təzyiq vardı.
İlon Mask bazar ertəsi təxirə salınan buraxılışdan öncə, “Gəmi və gücləndirici üçün hələ də həllini gözləyən minlərlə mühəndislik problemi var. Ən ciddi məsələ isə istilik qalxanıdır”, – deyib.
Tamamilə yenidən istifadə edilə bilən “Starship”in gələcəkdə “SpaceX”in “Falcon 9” raketini əvəz etməsi planlaşdırılır. Şirkət bu aparatı həm peyk, həm də insan daşımaları üçün əsas vasitəyə çevirməyi hədəfləyir. NASA isə astronavtları Ay səthinə aparmaq üçün “SpaceX” ilə təqribən 4 milyard dollarlıq “Starship” müqavilələri imzalayıb. Yekun məqsəd isə Ay və Marsda eniş və qalxış imkanlarını təmin etməkdir.