NATO-nun məlumatına görə, Baltik dənizi üzərində aşkar edilən rus kəşfiyyat təyyarəsi səbəbindən iki alman “Eurofighter” qırıcı təyyarəsi havalandırılıb.
Alman Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib ki, “Rostok-Laage” aviabazasından qalxan qırıcılar siqnal və əvvəlcədən bildiriş olmadan uçan “İl-20M” tipli rus təyyarəsini müəyyən etmək üçün göndərilib. Təyyarənin beynəlxalq hava məkanında qaldığı, lakin identifikasiya bildirişi vermədiyi qeyd olunub.
Bu hadisə Alman Hərbi Hava Qüvvələrinin Baltik dənizi üzərində bu il həyata keçirdiyi onuncu təcili qalxış olub. Regiondakı hərbi gərginlik isə Rusiyanın kəşfiyyat fəaliyyəti və iddia edilən diversiya cəhdləri səbəbilə uzun müddətdir davam edir.