Klinqbayl iki gün əvvəl Ukrayna hökuməti ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib.
Kiyevə çatdıqdan sonra açıqlama verən Klinqbeyl, Almaniya kansleri Fridrix Mers (Friedrich Merz) ilə yaxın koordinasiya içində olduqlarını bildirib: “Almaniyanın Ukraynanı mümkün sülh prosesində ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini birlikdə dəyərləndiririk. Bu, yalnız Ukraynanın deyil, eyni zamanda Avropanın da təhlükəsizliyi ilə bağlıdır”.
“DW”nin xəbərinə görə, SPD-li siyasətçi Ukrayna üçün davamlı sülhü təmin edəcək etibarlı təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu vurğulayıb: “Beynəlxalq tərəfdaşlarla sıx məsləhətləşmələr aparırıq. Almaniya öz öhdəliklərini yerinə yetirəcək”.
Kremlə də mesaj göndərən Klinqbeyl, “Putin əsla Almaniyanın Ukraynaya dəstəyinin zəifləyə biləcəyini düşünməsin. Əksinə: Dünyada Ukraynanın ikinci, Avropada isə ən böyük dəstəkçisi olaraq qalırıq. Ukrayna Almaniyaya güvənməyə davam edə bilər”, – deyib.
Almaniya Maliyyə Nazirliyinin məlumatına görə, Almaniya hökuməti müharibənin başlanmasından bəri Ukraynaya ümumilikdə 50,5 milyard avro həcmində dəstək göstərib.
Kiyevdə Klinqbeylin Ukrayna hökumət rəsmiləri ilə yanaşı parlament və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirməsi planlaşdırılır.
Onun səfəri ötən həftə Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna dövlət başçısı Vladimir Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən zirvədən sonra baş tutub.
Zirvədə müharibənin başa çatmasının ardından Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri müzakirə edilmişdi. Kiyevin Avropalı müttəfiqləri, artıq üç il yarımdır Rusiyaya qarşı müdafiə olunan ölkə üçün bu zəmanətlərin həlledici əhəmiyyət daşıdığını vurğulayır. Tramp administrasiyası isə Ukraynanın müdafiəsində əsas rolu Avropanın üzərinə götürməli olduğunu bildirir.