Vaxt.Az

“Nvidia” səhmləri ucuzlaşdı


 

Dünyanın ən dəyərli şirkəti maliyyə hesabatını açıqladı

“Nvidia” səhmləri ucuzlaşdı Dünyanın ən dəyərli şirkəti “Nvidia”, 2026 maliyyə ilinin ikinci rübü kimi qəbul etdiyi, 27 iyulda başa çatan üç aylıq dövrə dair maliyyə nəticələrini açıqlayıb.

Şirkətin ikinci rübdə düzəldilmiş hər səhm üzrə mənfəəti 1,04 dollar olub. Bu, 1,01 dollarlıq bazar proqnozunu üstələyib. Ötən ilin eyni dövründə hər səhm üzrə düzəldilmiş mənfəət 0,68 dollar idi.

Şirkətin gəliri illik müqayisədə 56% artaraq 46,7 milyard dollara yüksəlib. Bu göstərici “Bloomberg” proqnozu olan 46,2 milyard dolları da geridə qoyub. Ötən ilin eyni dövründə gəlir 30 milyard dollar olmuşdu.

“Nvidia”nın xalis mənfəəti də illik müqayisədə 59% artaraq 26,4 milyard dollara çatıb. Şirkət ötən ilin eyni rübündə 16,6 milyard dollar xalis mənfəət açıqlamışdı.

Şirkətin məlumatına görə, məlumat mərkəzi gəliri 56% artaraq 41,1 milyard dollara qalxıb. Analitiklərin gözləntisi isə 41,2 milyard dollar idi.

Üçüncü rüb üçün “Nvidia” təxminən 54 milyard dollarlıq gəlir proqnozlaşdırır. Bu rəqəm bazarın 53,4 milyard dollarlıq gözləntisindən yüksəkdir.

Hesabatda ikinci rübdə Çinə “H20” çip satışı həyata keçirilmədiyi də vurğulanıb.

Məlumata görə, şirkətin İdarə Heyəti səhmlərin geri alınması səlahiyyətini əlavə 60 milyard dollar artıraraq müddətsiz şəkildə qüvvədə saxlayıb.

“Nvidia”nın baş direktoru Censen Huan açıqlamasında bildirib ki, süni intellekt yarışına artıq start verilib və şirkətin ən yeni süni intellekt prosessoru “Blackwell” bu yarışın mərkəzində yer alır.

Maliyyə göstəricilərinə baxmayaraq, hesabatdan sonra “Nvidia” səhmləri 5% ucuzlaşıb.

 





28.08.2025    çap et  çap et