Vaxt.Az

Ən nazik və yüngül


 

“Apple” sentyabrda “iPhone 17” seriyasını təqdim edəcək

Ən nazik və yüngül “Apple”ın uzun müddətdir gözlənilən “iPhone 17” seriyası sentyabrın 9-da keçiriləcək təqdimat mərasimində ictimaiyyətə nümayiş olunacaq. Tədbir şirkətin Kupertinodakı “Steve Jobs Teatrı”nda baş tutacaq.

Mərasimdə şirkətin indiyədək istehsal etdiyi ən incə və ən yüngül model olan “iPhone 17 Air” təqdim ediləcək. Bununla yanaşı, yeni ağıllı saatlar və “AirPods Pro 3” simsiz qulaqlıq da ictimaiyyətə göstəriləcək.

 

Ən incə və yüngül “iPhone” – “iPhone 17 Air”

 

Yeni seriya “iPhone 17”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərini də əhatə edəcək. “iPhone 17 Air” modelinin qalınlığının cəmi 5,5 mm, ekran ölçüsünün isə 6,6 düym (təxminən 16,8 sm) olacağı bildirilir. Bu göstərici yeni modeli əvvəlki nəsillərdən 0,08 düym (2 mm) daha incə edəcək. Bu il “iPhone 17 Plus” modeli satışa çıxarılmayacaq.

Əsas “iPhone 17”nin isə 60 Hz əvəzinə 120 Hz yenilənmə tezliyinə malik, 6,3 düymlük (16 sm) yeni və daha böyük ekrana sahib olacağı gözlənilir.

 

Yeni “Apple Watch” və “AirPods Pro 3”

 

“Apple” yalnız telefonlarla kifayətlənməyəcək. Təqdimatda “Apple Watch Series 11”, “Ultra 3” və “SE 3” modellərinin də açıqlanacağı gözlənilir. Beləliklə, üç il aradan sonra ilk dəfə bütün “Apple Watch” modelləri eyni anda yenilənəcək. Xüsusilə “Apple Watch Ultra 3” daha böyük ekranı və sürətli enerji yığma imkanı ilə diqqət çəkəcək.

Bundan başqa, üç ildən sonra şirkət “AirPods Pro 3” qulaqlıqlarını da tanıda bilər. Yeni cihazların daha kompakt dizayna, təkmilləşdirilmiş səs işləmə imkanlarına, gücləndirilmiş səsboğma funksiyasına və toxunuşla idarəetmə xüsusiyyətlərinə malik olacağı gözlənilir.

 

Çiplərdə də yeniliklər

 

Bütün “iPhone 17” modelləri yenilənmiş “A19” və “A19 Pro” prosessorları ilə təchiz olunacaq. Bundan əlavə, “ProMotion” funksiyası ilk dəfə bütün seriyada standart olacaq.

Şirkət təqdimat mərasimini Bakı vaxtı ilə saat 21:00-da rəsmi “YouTube” kanalında yayımlayacaq.

 





28.08.2025    çap et  çap et