ANS TV-nin məlumatına görə, NATO PA-nın Bakıda keçirilən 86-cı seminarı bir neçə cəhətilə diqqət çəkirdi. Əvvəla, xeyli fasilədən sonra ermənilər yenidən Bakıda göründülər və Dağlıq Qarabağ mövzusu ətrafında qalmaqala səbəb olan müzakirələrə qoşuldular. İkincisi, sapı özümüzdən olan baltalar bizə xatırlatdılar ki, düşmən ocaq başındadır. Onu kənarda axtarmaq lazım deyil. Və nəhayət, bu tədbir Qarabağ konflikti ətrafında müxtəlif fikirlərin toqquşması baxımından da maraqlı sayıla bilərdi. Beləliklə, bu gün şəhərin mərkəzi otellərindən birində baş tutan tədbirin detallarına varaq. Qalmaqala səbəb olan ilk çıxışı kürəkənimiz hesab edilən Metyu Brayza - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri etdi. O, bildirdi ki, Azərbaycan və Ermənistan prezidentləri hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı kompromislərin əldə edilməsi üçün qarşılıqlı inamın lazım olan səviyyəsini əldə edə bilmirlər.
Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək çağırışını erməni qonaqlar alqışla və məmnunluqla qarşıladılar. Ermənistan nümayəndə heyətinin rəhbəri Naqapetyanın buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq Ermənistan və Azərbaycan yox, qondarma Dağlıq Qarabağ respublikasının göstərilməsini israrla tələb etməsi də çox güman bu çıxışın təsiriydi. Naqapetyan güman ki, Azərbaycan torpaqlarında da qonaq olduqlarını və günlərin bir günü işğal etdikləri əraziləri boşaldacaqların düşünməmişdi. Əks halda o, snayperləri təmas xəttindən geri çəkməklə bağlı Azərbaycan qarşısında tələb irəli sürməzdi.
Erməninin mövzudan kənara çıxmasına Qüdrət Həsənquliyev biganə qala bilmədi. O, ilk növbədə Metyu Brayzanı tənqid etdi. «Mən əvvəldən də Metyu Brayzanın mövqeyini sərt tənqid etmişəm. Təəssüf ki, yenə də bu mövqedə qalmaq zorundayam. Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və oranın mövqeyini ifadə edir, özünün yox. Cənab Brayza, həyat yoldaşının türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?!».
Həsənquliyevə dəstək Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovdan gəldi.
Maraqlıdır ki, tədbirdə erməni deputatlar Azərbaycanda Ermənistana qarşı düşmən ifadəsinin səslənməsindən də narahatlıq ifadə etdilər. Düzdür, onların cavabını Ziyafət Əsgərov verdi. Dedi ki, məgər biz Ermənistana dost deməliyik? 20 faiz torpaqlarımızı işğal edib. Bir milyon qaçqınımız var, hələ utanmaz-utanmaz da deyirsiniz ki, sizə düşmən deməyək. Amma Ziyafət Əsgərov əslində ermənilərə sərf edən cavabı səsləndirdi. Sabah bunun ucundan tutub ucuzluğuna gedəcəklər ki, Azərbaycanda ermənifobiya var və s. Hərçənd, bunun əksini Leyla Yunus gen-bol sərgiləyirdi. O, erməni qonaqlarla təkcə eyni cərgəni bölüşməmişdi, bu ola bilsin, protokol qaydasıydı. Amma fasilədə ermənilərə Azərbaycanda siyasi məhbusların olmasına dair öz hesabatları əks olunan kitabçalar paylamasının protokol qaydasına aidiyyəti yoxdur. Buna deyərlər Leyla Yunus qaydası.