NATO-ya aid təyyarələr Norveç sahilləri açığında xidmət edən ABŞ təyyarədaşıyan gəmisinə yaxınlaşa biləcək Rusiya sualtı qayığını aşkar etmək üçün təxminən bir həftədir axtarış aparır.
“Newsweek”in təhlil etdiyi uçuş və gəmi izləmə məlumatlarına görə, sualtı qayıq ovçusu kimi tanınan “P-8A Poseidon” patrul təyyarələrinin intensiv fəaliyyəti ABŞ hərbi komandanlığının rəhbərliyi altında davam edir. Əməliyyatlara İngiltərə və Norveç də dəstək verir.
Adətən ittifaqın dəniz sərhədlərində gündəlik patrullar həyata keçirilir, lakin son günlərdə xüsusilə ABŞ Donanması və İngilis Hərbi Hava Qüvvələrinin Şimal Qütbü bölgəsinə uçuşlarında nəzərəçarpan artım müşahidə olunub.
Həftəsonundan bu yana 20-dən çox uçuş həyata keçirilib.
Əməliyyatların dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford”un Norveçin qərbində İngilis və Norveç birləşmələri ilə birgə fəaliyyətləri ilə bağlı olduğu qiymətləndirilir.
İngilis “Express” qəzeti yazır ki, NATO-ya aid xüsusi təyyarələrlə bir Rusiya dənizaltısının izi izlənilir və İngiltərə Müdafiə Nazirliyi də bu patrulların təlim olmadığını təsdiqləyib.
Norveç mərkəzli “Barents Observer” qəzeti bildirir ki, Rusiya Severomorskda yerləşən Şimal Donanmasına bağlı “Yasen” tipli üç nüvə sualtı qayığı bazalarından ayırıb.
Peyk görüntülərinə əsaslanan xəbərdə “Severodvinsk” (K-573), “Kazan” (K-561) və “Arkhangelsk” (K-564) adlı sualtı qayıqları avqustun 25-dən etibarən dənizdə olduğu qeyd olunub.
Hələlik nə NATO, nə də bölgədəki ölkələr mümkün dənizaltı ovuna dair rəsmi açıqlama verməyib.