Qızıl hazırda 3 min 400 dolların bir qədər altında ticarət olunur. Bazarlar isə sabah açıqlanacaq ABŞ şəxsi istehlak indeksini izləyir. Qida və enerjidən çıxılan indeksin son beş ilin ən sürətli illik artımını qeydə alacağı gözlənilir. Bu isə Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər. Faiz gəliri gətirməyən qızıl üçün aşağı borclanma xərcləri üstünlük kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Trampın ipoteka sənədlərində saxtakarlıq etdiyi iddiaları fonunda FED İdarə Heyətinin üzvü Liza Kuku vəzifədən kənarlaşdırması, ardından isə Kukun vəkilinin qarşı iddia qaldıracağını açıqlaması investorların diqqətini Ağ Ev ilə FED arasında yaranan gərginliyə yönəldib. Əgər Tramp Kuku vəzifədən uzaqlaşdırmağa nail olsa, FED İdarə Heyətində də çoxluğu əldə etmiş olacaq.
Bu ehtimalın investorların FED-ə olan inamını sarsıtması və qızılın “təhlükəsiz liman” cazibəsini artıracağı düşünülür.
Qızıl aprel ayında 3 min 500 dolları aşaraq rekorda yüksəldikdən sonra əsasən dar diapazonda hərəkət edir. Bazar isə sürətli yüksəlişdən sonra yeni katalizatorlar axtarır. Ticarət və geosiyasi gərginliklər, birja investisiya fondlarına daxilolmalar və mərkəzi bankların ABŞ dollarından uzaqlaşaraq diversifikasiya addımları qızılı dəstəkləyən amillər kimi göstərilir.