Vaxt.Az

“BYD” “Tesla”nı geridə qoydu


 

Avropa bazarında Çin avtomobillərinin satışı iki dəfədən çox artıb

“BYD” “Tesla”nı geridə qoydu Avropada avtomobil satışları iyul ayında 5,9% artıb. Çin şirkəti “BYD”-nin bazar payındakı yüksəliş isə diqqət çəkib. Almaniyada satışlarda artım qeydə alınsa da, Böyük Britaniya, Fransa və İtaliyada azalma müşahidə olunub.

Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, Avropa Birliyi (AB), Avropa Azad Ticarət Birliyi (EFTA) və Böyük Britaniyada yeni avtomobil satışları iyulda 1,09 milyon ədədə çatıb.

Elektrikli avtomobillərin satışları artmaqda davam etsə də, satışları 40,2% azalan “Tesla” ardıcıl yeddinci ayda da bazar payı itirib. Şirkətin Çinli rəqibi “BYD” ABŞ istehsalçısını geridə qoyub.

İlk dəfə aylıq satış hesabatına daxil edilən “BYD”-nin satışları 225,3% artıb və şirkətin bazar payı iyul ayında 1,2%-ə yüksəlib. “Tesla”nın bazar payı isə ötən il 1,4% olduğu halda bu dəfə 0,8%-ə enib.

“Volkswagen”in satışları ötən illə müqayisədə 11,6%, “Renault”nun isə 8,8% artıb. “Stellantis”in satışlarında isə 1,1% azalma qeydə alınıb.

Təkcə Avropa Birliyində ümumi avtomobil satışları 7,4% artıb. Tam elektrikli avtomobil satışları 39,1%, hibrid avtomobillər (HEV) 56,9% və şarj edilə bilən hibridlər (PHEV) 14,3% yüksəlib.

ACEA məlumatına görə, iyun ayında hibrid və elektrikli avtomobillər Avropada minik avtomobili satışlarının 59,8%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 51,1% idi.

“Volkswagen” kimi Avropa avtomobil istehsalçıları Çinli şirkətlərlə rəqabət aparmaqla yanaşı, elektrikli avtomobillərin satışını təşviq edən Avropa tənzimləmələrinə uyğun şəkildə gəlir əldə edə biləcəkləri yeni təşəbbüslər üzərində işləyirlər.

 





28.08.2025    çap et  çap et