Vaxt.Az

Silah ixracatında rekord


 

Almaniyanın silah satışındakı irəliləyişi müzakirələrin mərkəzində

Silah ixracatında rekord Almaniya 2024-cü ildə 12,83 milyard avro dəyərində silah ixracına icazə verib. İxracatın 62%-i Ukraynaya gedib, Sinqapur isə əsas alıcılar arasında yer alıb.

Federal hökumətin məlumatına görə, bu göstərici 2023-cü ilin 12,13 milyard avroluq rekordunu da geridə qoyub. 2024-cü ilə dair rəsmi silah ixracı hesabatı çərşənbə günü Berlində Nazirlər Kabinetində müzakirə olunub.

“Politico” yazır ki, 2023-cü ildə ixracatın təxminən yarısı Avropa Birliyi, NATO və ya ekvivalent qəbul edilən ölkələrə yönəlmişdisə, 2024-cü ildə bu göstərici 12%-ə enib. Bu qrupa edilən göndərişlərin dəyəri 1,58 milyard avro olub.

Buna qarşılıq, üçüncü ölkələrə – yəni AB və NATO-ya daxil olmayan dövlətlərə – ixrac 11,26 milyard avroya yüksəlib. Ukrayna da bu kateqoriyaya daxildir. AFP-nin məlumatına görə, Almaniyanın ümumi ixracatının 8,15 milyard avrosu, yəni 62%-i Ukraynaya gedib.

 

Ukraynaya genişmiqyaslı tədarük

 

Federal hökumət ötən il 5.052 fərdi müraciətə icazə verib. Ukraynaya 306 zirehli döyüş maşını, 316 raket və raket sistemi, 78 tank və 11 iriçaplı artilleriya sistemi göndərilib. Bu yardımlar, Rusiyaya qarşı müharibədə Kiyevə dəstəyin bir hissəsi kimi qiymətləndirilir. Almaniya ABŞ-la birlikdə Ukraynanın ən böyük silah təchizatçılarından biridir.

Hesabatda 62 müraciətə isə mənfi cavab verildiyi qeyd olunub. Bu rəqəm əvvəlki illə müqayisədə 17 ədəd daha çoxdur. Rədd edilən sifarişlərin əsasən Pakistan, Tailand və Malayziyadan gəldiyi bildirilir.

2025-ci ilin mayında kansler Fridrix Mers Ukrayna üçün 5 milyard avroluq yeni hərbi yardım paketini açıqlayıb. “Euronews”un məlumatına görə, bu paket yalnız silah göndərişini deyil, həm də Almaniya ilə Ukraynanın uzun mənzilli silahların birgə hazırlanmasını və istehsalını nəzərdə tutur. İstehsal həm Almaniyada, həm də Ukraynada aparılacaq. Bu addım hərbi-sənaye əməkdaşlığında yeni mərhələ və Rusiyaya güclü mesaj kimi dəyərləndirilir.

Mers həmçinin bildirib ki, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ Ukraynaya verilən silahlarda mənzil məhdudiyyətlərini tamamilə aradan qaldırıb. Bu qərarla Ukrayna ilk dəfə olaraq Rusiya ərazisindəki hərbi hədəfləri birbaşa vura biləcək vəziyyətə gəlib.

 

Sinqapur əsas alıcılardan biri kimi önə çıxdı

 

2024-cü ildə diqqət çəkən digər ölkə Sinqapur olub. Bu ölkəyə 33 ədəd “Leopard 2” tankı və “218” sinifinə aid bir sualtı qayıq göndərilib. Bu cür iri satışlar Almaniyanın silah şirkətləri üçün mühüm gəlir mənbəyi hesab olunur.

“Deutsche Welle” yazır ki, Cənub-Şərqi Asiya ölkələri ABŞ və ya Rusiyadan asılılığı azaltmaq üçün Avropadan silah alımlarını artırır. Almaniya isə bu mənada etibarlı tərəfdaş kimi ön plana çıxır. Almaniya ilə Sinqapur arasındakı əməkdaşlığın kibertəhlükəsizlik, hərbi texnologiya və rəqəmsallaşmanı da əhatə etməsi bu ticarəti asanlaşdırır.

Ölkədə illərdir davam edən silah ixracı mübahisələri yenidən gündəmə gəlib. Tənqidçilər AB və NATO xaricindəki ölkələrə satışın təhlükəsizlik baxımından riskli olduğunu deyir. Müdafiə tərəfdarları isə qlobal münaqişələrin artdığı bir vaxtda Almaniyanın ənənəvi müttəfiqlərin xaricində də tərəfdaşlarına dəstək göstərməsinin və sənaye üçün beynəlxalq sifarişlərin həyati əhəmiyyət daşıdığını bildirirlər.

 





28.08.2025    çap et  çap et