Vaxt.Az

Qrenlandiya gərginliyi…


 

ABŞ-dan Danimarkaya “sakit olun” mesajı

Qrenlandiya gərginliyi… Danimarka, ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığı iddiaları ilə bağlı ABŞ-ın ölkədəki ən yüksək səviyyəli diplomatını Xarici İşlər Nazirliyinə çağırıb. Vaşinqton isə reaksiyasında, “Danimarkalıların sakit olması gərəkdiyini düşünürük” deyib.

Danimarka hökuməti, ABŞ vətəndaşlarının Qrenlandiyada təsir kampaniyası ilə məşğul olduğuna dair məlumatlardan sonra ABŞ-ın Kopenhagendəki diplomatik nümayəndəliyinin rəhbəri, müvəqqəti işlər vəkili Mark Strohu dünən XİN-ə çağırıb. Bu addım Vaşinqtonun diqqətini çəkib.

“CBS News”un məlumatına görə, Ağ Evdən adı açıqlanmayan bir rəsmisi bu vəziyyətə, “Danimarkalıların sakit olması gərəkdiyini düşünürük” cavabını verib.

ABŞ Dövlət Departamentinin sözçüsü isə açıqlamasında Qrenlandiyadakı ABŞ vətəndaşlarının şəxsi fəaliyyətləri barədə şərh verməyəcəklərini bildirib. O, vətəndaşların hərəkətlərinə nəzarət etmədiklərini vurğulayıb. Sözçü həmçinin ABŞ-ın NATO müttəfiqi olan Danimarka ilə münasibətlərinə önəm verdiyini qeyd edərək, XİN-ə çağırılan Strohun Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ilə “səmərəli görüş” keçirdiyini açıqlayıb.

Danimarkanın “DR” xəbər saytı isə daha əvvəl yayımladığı hesabatda, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Ev ilə əlaqəli ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığını iddia edib. Məqalədə, Trampı dəstəkləyən Qrenlandiya sakinlərinin adlarının siyahıya alındığı da irəli sürülüb.

 





28.08.2025    çap et  çap et