“Washington Post”un xəbərinə görə, ABŞ Müdafiə Nazirliyindən ismi açıqlanmayan rəsmi şəxslər, bu hərəkəti “Latın Amerikada narkotiklə mübarizə əməliyyatının” bir hissəsi kimi təqdim ediblər.
Rəsmi şəxslər qeyd edib ki, ABŞ Donanması gəmiləri Orta və Cənubi Amerika ölkələrinə yaxın Karib Dənizi və Sakit Okean sularına yerləşdirəcək.
Göndərilən gəmilər arasında üç destroyer, iki çıxarma gəmisi, bir amfibiya hücum gəmisi, bir sürətli savaş gəmisi və bir sahil savaş gəmisi (LCS) yer alır. Destroyerlər arasında “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” adlı gəmilər də var. Rəsmilər onların Venezuela sahillərinə “çox yaxın olmadığını” bildiriblər.
Hələlik gəmilərin yerləşəcəyi dəqiq bölgə açıqlanmayıb, lakin heyətdə narkotik əməliyyatları çərçivəsində həbs işini həyata keçirəcək məsul şəxslərin də olduğu vurğulanıb.
ABŞ Prezidenti Donald Trump daha əvvəl imzaladığı bir qərarnamə ilə Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı ordunun daha fəal və səmərəli istifadə olunmasını tələb etmişdi.
CNN-ə açıqlama verən iki yüksək rütbəli hərbi rəsmi bildirib ki, Trump-ın göstərişindən sonra bölgəyə 4 min dəniz piyadası göndərilib. 15 Avqustda isə Venezuela yaxınlarına 3 savaş gəmisinin yerləşdirilməsi əmri verilib.
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın Karib Dənizinə 3 savaş gəmisi göndərməsi barədə qərara münasibət bildirərək, “Heç kim Venezuela torpaqlarına toxunmağa cəhd etməsin”, – deyib.
Bununla yanaşı, Maduro, ABŞ-ın özünün həbs olunması üçün mükafat məbləğini artırmasının ardından ölkə üzrə 4,5 milyondan çox milis qüvvəsinin yerləşdiriləcəyini açıqlayıb.