Kuşner Fransa prezidenti Emmanuel Makrona göndərdiyi məktubda ölkədə antisemitizmin artdığını və hökumətin bu məsələ ilə bağlı yetərincə addım atmadığını iddia edib. Bu açıqlamalar İsrail baş naziri Benyamin Netanyahunun tənqidlərinin xətti ilə üst-üstə düşüb.
Fransız hökuməti səfirin sözlərini ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirərək Kuşneri avqustun 25-fə Xarici İşlər Nazirliyinə çağırmışdı. Ancaq səfir görüşə qatılmayaraq yerinə müvəqqəti işlər vəkilini göndərib.
Xarici işlər naziri Jan-Noel Barro RTL radiosuna müsahibəsində səfirin sözlərini həm haqsız, həm də qəbuledilməz adlandırıb: “Haqqsızdır, çünki xarici ölkə nümayəndəsinin Fransaya dərs vermək haqqı yoxdur. Qəbuledilməzdir, çünki dünyada antisemitizmə Fransa qədər qətiyyətlə qarşı çıxan çox az ölkə var”.
Səfir Kuşner diplomatik gərginliyə baxmayaraq həyat yoldaşı ilə Seni-Paul-de-Vensdə tətilini davam etdirib. Onlar sənət fondunu ziyarət edib, məşhur restoranda yemək yeyib və kənd küçələrində gəzərkən kameraların obyektivinə gülümsəyərək düşüblər.
Fransız diplomatik mənbələri Kuşnerin davranışını transatlantik münasibətlərin ruhuna zidd adlandırıblar. Nazirlik səfiri yenidən çağırmağı düşünmədiyini, lakin əvvəlcədən planlaşdırılan görüşdə mövzunun gündəmə gətiriləcəyini açıqlayıb.
***
Fransanın ABŞ səfirini rəsmi şəkildə görüşə çağırması diplomatiya tarixində nadir hallarda baş verir. Sonuncu dəfə 2013-cü ildə Edvard Snoudenin ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Fransadakı dinləmə qalmaqalını ifşa etməsindən sonra Vaşinqton nümayəndəsi nazirliyə çağırılmışdı. 2015-ci ildə isə “WikiLeaks” sənədləri ilə üç Fransa prezidentinin dinlənildiyinin üzə çıxmasından sonra ABŞ səfiri Ceyn Hartli izahat verməyə məcbur olmuşdu.