Vaxt.Az

Sanksiyalara bir addım qaldı


 

Avropa ölkələri İrana qarşı “snapback” mexanizmini işə saldı

Sanksiyalara bir addım qaldı Nüvə sazişinin (JCPOA) Avropalı imzaçıları – Fransa, Almaniya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına məktub göndərərək İrana qarşı BMT sanksiyalarının avtomatik bərpasını nəzərdə tutan 30 günlük “snapback” mexanizmini işə salıblar.

“Reuters” agentliyi xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan David Vadeful məktubu BMT-yə göndərmədən öncə bildirib ki, “mexanizm əlçatandır”: “Berlin hər zaman aydın edib ki, diplomatik həll yolunu dəstəkləyir. İndi biz Tehrandan MAQATE ilə tam əməkdaşlıq və Avropanın üç ölkəsi ilə birbaşa danışıqlara başlaması üçün müəyyənləşən öhdəliklərin yerinə yetirilməsini gözləyirik”.

O əlavə edib ki, bu addım diplomatiyanın sonu deyil, əksinə, danışıqlar prosesində yeni mərhələnin başlanğıcı ola bilər.

Fransa, Almaniya və Britaniya ümid edirlər ki, bu addım Tehrana təzyiq göstərəcək və İran 30 gün ərzində nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirəcək. Əks halda sanksiyalar yenidən tətbiq olunacaq.

BMT-nin proseduruna əsasən, 30 günün sonunda İrana qarşı maliyyə, bank və müdafiə sektorlarına dair sanksiyalar geri qaytarılacaq.

Fransanın xarici işlər naziri Jan Noel Barro, “Üç Avropa dövləti (E3) bu 30 günlük müddətdən İranla danışıqlar üçün istifadə etmək niyyətindədir. Bu, diplomatiyanın sonu deyil, hələ də qarşılıqlı ünsiyyət üçün imkan var”, – deyib.

Adı açıqlanmayan İran rəsmisi isə “Reuters”ə bildirib ki, Avropa ölkələrinin bu addımı qanunsuz və təəssüf doğur: “Bu addım diplomatiyaya qarşıdır, fürsət deyil.”

Həmin rəsmiyə görə, Tehran Avropa ölkələrini bu addımdan çəkindirmək üçün bütün imkanlarını işə salıb.

 





28.08.2025    çap et  çap et