ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu tərəfindən dünən yayımlanan hesabatda, İsrailin iyun ayında iki dəfə bombaladığı “Müjdə” adlı nüvə obyektində aparılan işlər qiymətləndirilib.
Hesabata görə, Tehran rəhbərliyi “Lavisan 2” olaraq da bilinən obyektdə zərər görmüş strukturları sürətlə dağıdır. İranın burada aparılan işlərlə nüvə silahı hazırlanmasına dair sübutları məhv etmək istədiyi irəli sürülür.
Hesabatda, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın AMAD adlı silah hazırlama proqramı ilə sözügedən obyekt arasında əvvəlcədən əlaqə qurduğunu, lakin ora heç bir mütəxəssis göndərə bilmədiyini bildirir. MAQATE və ABŞ kəşfiyyatı Tehran rəhbərliyinin AMAD planını 2003-cü ildə dayandırdığını açıqlamışdı.
İsrail və ABŞ İranın nüvə silahı hazırlamağa yönəlmiş işlər apardığını iddia edir, lakin Tehran bu iddiaları rədd edir.
Hesabata görə, İsrailin iyun ayındakı ilk hücumunda “Lavisan 2”də bəzi binalar vurulub. Bunlar arasında, ABŞ-ın nüvə raket layihəsi üzərində çalışdığı səbəbi ilə sanksiya tətbiq etdiyi Şəhid Kərim Qrupuna aid bir binanın olduğu bildirilib. Qrup İranın Müdafiə Araşdırmaları və İnnovasiya Təşkilatına (SPND) bağlı fəaliyyət göstərib.
Digər tərəfdən Böyük Britaniya Fransa və Almaniya İranı BMT sanksiyalarını yenidən tətbiq etmək təhdidi ilə xəbərdar etmişdi. Bu addım üç Avropa ölkəsinin də tərəf olduğu, lakin ABŞ-ın çıxdığı 2015-ci il nüvə sazişində yer alan “snapback” mexanizminin işə salınmasına bağlıdır.
İranın Xarici İşlər Nazirliyi müavini Araqçı isə dünən verdiyi açıqlamada, mexanizmin işə salınmasının MAQATE-Tehran əməkdaşlığını təhlükəyə ata biləcəyini bildirib.
İsrail-İran qarşıdurmaları
İsrailin iyununun 13-dəki hücumundan sonra başlayan qarşıdurmalarda İran dərhal cavab verib. ABŞ da işə qarışaraq, iyunun 22-də İranın İsfahan, Fordo və Natanz obyektlərinə hava zərbəsi endirmiş, əməliyyatda 14 “bunker deşən” GBU-57 bombası istifadə etmişdi.
İran, ABŞ-ın hücumuna cavab olaraq iyunun 23-də Amerika ordusunun Qətərdəki El-Udeyd Hava Bazasına zərbə endirmişdi. Əməliyyatda Tehran əvvəldən Vaşinqtona xəbər verdiyi və heç bir can itkisinin olmadığı bildirilib.
Vaşinqton əməliyyatdan sonra, 24 iyunda tərəflər arasında atəşkəsin əldə edildiyini açıqlamışdı.