Vaxt.Az

Qızıl ayın zirvəsində


 

Qiymətli metal avqustda 3,9 faiz dəyər qazanıb

Qızıl ayın zirvəsində Qızıl qiymətləri ABŞ-da sentyabr ayında faiz endirimi gözləntilərinin artması və dolların zəifləməsi ilə son bir ayın zirvəsinə yaxın hərəkət etməyə davam edir. Qızıl bu ay 3,9% dəyər qazanaraq iyulun 23-dən bəri ən yüksək səviyyəsi olan 3.423,16 dollara qədər yüksəldi. Hazırda isə dünənə nisbətən 0,2% azalma ilə 3.409,08 dollarda, keçən həftəyə görə isə 1,1% artımdadır.

Analitiklər qızıl üçün bu gün 3.422 dolları müqavimət səviyyəsi kimi göstərir və bu səviyyənin keçilməsi halında 3.438 dollara qədər yüksəlişin davam edə biləcəyini proqnozlaşdırır. Aşağı yönlü dəstək isə 3.390–3.380 dollar aralığındadır.

Dollar indeksinin aylıq bazda düşməsi qızılı digər valyutalara sahib investorlar üçün daha ucuz edib. İnvestorlar faiz gəliri olmayan qızılın aşağı faiz mühitindən faydalana biləcəyini qiymətləndirirlər. ABŞ Federal Ehtiyat Sistemi (FED) Prezidenti Kristofer Uoller gələn ay faiz dərəcələrinin endirilməsini dəstəklədiyini açıqlayaraq investorların gözləntilərini gücləndirdi. Bazar alətləri sentyabr toplantısında 25 baza bəndi faiz endirimi ehtimalını 86% göstərir.

Bundan başqa, FED İdarə Heyətinin üzvü Liza Kuk Prezident Trampın onu vəzifədən azad etməsinə qarşı məhkəmə iddiası qaldırıb və bu, maliyyə bazarlarında siyasi qeyri-müəyyənliyi artıraraq investorların risk qavrayışına təsir edir. Bu şəraitdə qızıl təhlükəsiz liman kimi investorların marağını cəlb etməyə davam edir.

 





29.08.2025    çap et  çap et